Yaponiya millisinin hücumçusu Mitoma zədə səbəbindən 2026-cı il dünya çempionatını buraxacaq
"Brayton"un hücumçusu Kaoru Mitoma Yaponiya millisinin 2026-cı il dünya çempionatının final mərhələsi üçün açıqlanan 26 nəfərlik heyətinə daxil edilməyib.
Operativ Media xəbər verir ki, bu haqda BBC məlumat yayıb.
Mənbə bildirir ki, 28 yaşlı futbolçu Premyer Liqanın 36-cı turunda "Vulverhempton"a qarşı keçirilən oyunda (3:0) dizaltı vətərindən zədə alıb. Bu səbəbdən o, çempionatın son iki turunda — "Lids" və "Mançester Yunayted"lə qarşılaşmalarda iştirak edə bilməyəcək.
F qrupunda mübarizə aparacaq Yaponiya yığması dünya çempionatındakı ilk oyununu iyunun 14-də Niderlanda qarşı keçirəcək. Komanda daha sonra iyunun 21-də Tunis, iyunun 26-da isə İsveçlə üz-üzə gələcək.
Yaponiya millisinin baş məşqçisi Hadzime Moriyasu məsələ ilə bağlı belə deyib: "Bu hadisə hamıdan çox ona ağır təsir edir. Ümid edirəm ki, o, bu çətinliyin öhdəsindən gələrək ən qısa zamanda sağalacaq və tam gücü ilə yaşıl meydanlara qayıdacaq".
Mitoma 2025/26 mövsümündə "Brayton"un heyətində çıxdığı 27 matçda 3 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Hücumçu Yaponiya yığmasında 2021-ci ilin noyabrında debüt edib. O, milli komandada keçirdiyi 31 oyunda 9 qol vurub və 8 məhsuldar ötürmə müəllifi olub.
Qeyd edək ki, Yaponiyanın DÇ-2026 üçün heyətinə yarımmüdafiəçilər Vataru Endo ("Liverpul"), Daiçi Kamada ("Kristal Pelas"), Ao Tanaka ("Lids") və hücumçu Dayzen Maeda ("Seltik") kimi futbolçular daxil edilib.