Yayda kirayə mənzil bazarında qiymətlər necə olacaq? - VİDEO
Bu il daşınmaz əmlak bazarında qiymətlərin enməsindən daha çox artım tendensiyasının davam edəcəyi gözlənilir. Azərbaycanda daşınmaz əmlak bazarı yalnız müəyyən lokal hadisələrin təsiri ilə qısamüddətli təzyiqlərlə üzləşə bilər. Məsələn, tələbələrin təhsil ilini başa vuraraq rayonlara qayıtması yay aylarında kirayə bazarında qısa müddətli və cüzi təsir yarada bilər. Lakin bu proses bütövlükdə bazarın ümumi istiqamətini dəyişəcək gücdə deyil.
Operativ Media xəbər verir ki, bu barədə Qiymətləndiricilər Cəmiyyətinin İdarə heyətinin sədri Vüqar Oruc “Günə Doğru”da danışıb.
O bildirib ki, hazırda həm satış, həm də kirayə mənzillərinin qiymətlərində aylıq artım müşahidə olunur. Bunun əsas səbəblərindən biri daşınmaz əmlakın Azərbaycanda ən cəlbedici investisiya istiqamətlərindən biri hesab edilməsidir. Fond bazarı, qiymətli kağızlar və digər investisiya alətləri geniş yayılmadığı üçün həm vətəndaşlar, həm də sahibkarlar əsasən daşınmaz əmlaka yatırım etməyə üstünlük verirlər:
“Bu isə mənzillərin artıq sadəcə yaşayış vasitəsi deyil, biznes aləti kimi qəbul edilməsinə səbəb olur. Bir çox mənzillər kirayə məqsədilə alınır, təmir olunaraq yenidən bazara çıxarılır və ya investisiya məqsədilə saxlanılır. Bu proseslər bazarda davamlı qiymət artımını dəstəkləyən əsas amillərdəndir.
İyun ayının sonlarına doğru müəyyən mövsümi dəyişikliklər nəticəsində qiymətlərdə cüzi enmə müşahidə oluna bilər. Ancaq bu azalma ümumi bazara ciddi təsir göstərməyəcək. Çünki ölkədə daxili miqrasiya və urbanizasiya prosesi davam edir. Regionlardan Bakıya və böyük şəhərlərə iş və təhsil məqsədilə axın sürür.
Yay mövsümündə bəzi ailələrin istirahət və tətil səbəbilə şəhərdən müvəqqəti çıxması bazarda müəyyən boşluq yaratsa da, digər seqmentlər üzrə tələbatın artması bu boşluğu kompensasiya edir. Yəni tələbə axınının azalması digər kirayəçi qrupları ilə balanslaşır.
Yay aylarında Bakıdan gedənlərin sayı gələnlərdən daha çox olur və bu faktor müəyyən dövrlərdə kirayə bazarında qısamüddətli yumşalma yarada bilər. Amma ümumi mənzərə göstərir ki, daşınmaz əmlak bazarında əsas tendensiya hələ də qiymət artımı istiqamətində qalır.
Yay aylarında tələbələrin şəhərdən müvəqqəti çıxması kirayə bazarında ciddi boşluq yaratmır. Bu proses qiymətlərə ümumi təsir göstərəcək səviyyədə deyil. Bunun əsas səbəblərindən biri odur ki, bir çox tələbə yay aylarında da kirayədə qaldığı mənzilin ödənişini davam etdirir. Yəni onlar iki-üç aylıq müddət üçün mənzili tam boşaltmır və müqavilələri saxlayırlar.
Digər tərəfdən, tələbələrin bazardan müvəqqəti çəkilməsi fonunda digər kateqoriyalar üzrə müraciətlərin sayı artır. Yay mövsümündə iş məqsədilə Bakıya gələnlər, müvəqqəti yaşayan ailələr və müxtəlif xidmət sahələrində çalışan şəxslər kirayə bazarındakı boşluğu müəyyən qədər kompensasiya edirlər. Bu səbəbdən bazarda yalnız lokal və seçilmiş ərazilərdə qısamüddətli yumşalma müşahidə oluna bilər.
Müəyyən ərazilərdə və ya konkret mənzil seqmentlərində qiymətlərdə cüzi enmə baş verə bilər. Lakin ümumi bazar üzrə qiymət azalmasından danışmaq mümkün deyil. Çünki daşınmaz əmlak bazarında əsas tendensiya yenə də artım istiqamətində qalır.
Ən ciddi qiymət artımının isə ənənəvi olaraq avqustun sonu və sentyabrın əvvəllərində baş verəcəyi gözlənilir. Bu dövrdə ali məktəblərə qəbul olunan on minlərlə tələbənin, xüsusilə regionlardan Bakıya gələn gənclərin kirayə mənzil axtarışına başlaması bazarda tələbi kəskin artırır.
Bu il kirayə qiymətlərində əvvəlki illərlə müqayisədə daha ciddi bahalaşma müşahidə oluna bilər. Bunun əsas səbəbi kirayə bazarına müraciət edənlərin sayının daha da artmasıdır. Xüsusilə tələbə axını, daxili miqrasiya və paytaxtda mənzilə yüksək tələbat qiymət artımını sürətləndirən əsas amillər hesab olunur.
Bir sözlə, yay mövsümündə kirayə bazarında ciddi ucuzlaşma gözlənilmir. Əksinə, avqustun sonundan başlayaraq bazarda yenidən aktivlik və qiymət artımı müşahidə ediləcək”.