Memar: Bakı müxtəlif memarlıq dövrlərini birləşdirən nadir şəhərlərdən biridir
Azərbaycanın memarlıq və şəhərsalma sahəsində qazandığı nailiyyətlər son illərdə beynəlxalq miqyasda da diqqət çəkir. Məhz bu səbəbdən də belə nüfuzlu bir forumun Bakıda keçirilməsi təsadüfi deyil. Bakı müxtəlif memarlıq dövrlərini özündə birləşdirən nadir şəhərlərdən biridir. Şəhərin qədim və orta əsr memarlığı, XIX əsrin sonunun Art Nouveau üslubu, XX əsrin konstruktivizmi, Stalin dövrü memarlığı, 40–60-cı illərin klassik sovet tikililəri, eləcə də 70–80-ci illərin sovet modernizmi Bakının memarlıq xəritəsini zənginləşdirir. Paytaxtın küçələrində gəzərkən insan sanki bir memarlıq dövründən digərinə keçid edir və şəhərin tarixi canlı şəkildə hiss olunur. Dünyanın bir çox şəhərlərində bu qədər fərqli memarlıq qatlarının harmoniyasına az rast gəlinir.
Bu sözləri Operativ Media-ya açıqlamasında memar Elçin Əliyev deyib.
O bildirib ki, WUF 13 forumunun Bakıda keçirilməsinin ikinci mühüm səbəbi isə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı yenidənqurma və şəhərsalma layihələridir. İşğaldan azad olunmuş ərazilərdə onlarla şəhər və yüzlərlə kənd yenidən qurulur, müasir şəhərsalma prinsiplərinə uyğun yeni yaşayış məntəqələri salınır. Geniş küçələr, müasir infrastruktur, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları bu layihələrin əsasını təşkil edir. Bu gün dünyada eyni anda bu qədər böyükmiqyaslı bərpa və şəhərsalma proqramını həyata keçirən ölkələrin sayı çox azdır. Azərbaycanın bu sahədə ortaya qoyduğu təcrübə beynəlxalq təşkilatların da diqqətini cəlb edir:
“Digər mühüm məqam isə Azərbaycanın regionda sabitlik və təhlükəsizlik məkanı kimi tanınmasıdır. Dünyada mürəkkəb geosiyasi proseslərin getdiyi bir dövrdə Azərbaycan inkişaf edən, təhlükəsiz və beynəlxalq aləmdə söz sahibi olan ölkə kimi seçilir. Bu amillər də nəzərə alınaraq Birləşmiş Millətlər Təşkilatı tərəfindən Dünya Şəhərsalma Forumunun Bakıda keçirilməsi qərara alınıb.
Bu forum artıq yalnız peşəkar müzakirə platforması deyil, həm də şəhər üçün xüsusi bir hadisəyə çevrilib. Dünyanın müxtəlif ölkələrindən memarlar, urbanistlər və şəhərsalma mütəxəssisləri Bakıya toplaşaraq öz təcrübələrini bölüşür, müasir şəhərlərin problemləri və gələcək inkişaf istiqamətləri barədə fikir mübadiləsi aparırlar. Forum həm Azərbaycanın şəhərsalma təcrübəsinin təqdimatı, həm də beynəlxalq əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır”.
