Mikel Arteta "Arsenal"la ilkə imza atdı
"Arsenal"ın baş məşqçisi Mikel Arteta İngiltərə çempionu olan 13-cü mütəxəssis, eyni zamanda bu turnirdə həm futbolçu, həm də məşqçi kimi qızıl medal qazanan ilk şəxs olub.
Operativ Media xəbər verir ki, bu barədə Premyer Liqanın mətbuat xidməti məlumat yayıb.
44 yaş 54 günlüyündə bu uğura imza atan Arteta, turnir tarixinin çempionluq sevinci yaşayan ən gənc üçüncü baş məşqçisidir. Bu göstəricidə ilk iki pillə Joze Mourinyoya məxsusdur. Portuqaliyalı mütəxəssis "Çelsi" ilə 2004/05 mövsümündə 42 yaş 94 günlüyündə, 2005/06 mövsümündə isə 43 yaş 93 günlüyündə İngiltərə çempionu olub.
Mayın 19-da "Mançester Siti"nin "Bornmut"u məğlub edə bilməməsindən sonra (1:1) "topçular" çempionluğu rəsmiləşdiriblər. Çempionatın başa çatmasına bir tur qalmış "Arsenal" 82 xalla liderdir, ikinci pillədə qərarlaşan "Siti"nin isə 78 xalı var.
Bu, "Arsenal"ın tarixində qazandığı 14-cü İngiltərə çempionluğudur. London klubu sonuncu dəfə 2003/04 mövsümündə Premyer Liqanın qalibi olmuşdu. Həmin vaxt "topçular" Arsen Vengerin rəhbərliyi altında mövsümü məğlubiyyətsiz başa vurmuşdular.