Bakı-Naxçıvan reyslərindəki gecikmələrin səbəbi açıqlanıb
Bakı–Naxçıvan–Bakı marşrutu üzrə həyata keçirilən reyslərdə baş verən gecikmə və təxirəsalınmalar əsasən hava şəraiti və təhlükəsizlik amilləri ilə bağlıdır.
Operativ Media xəbər verir ki, bunu Samir Rzayev APA İnformasiya Agentliyi və AzTV-yə müsahibəsində deyib.
Onun sözlərinə görə, hazırda Bakı–Naxçıvan–Bakı istiqaməti üzrə gündəlik 8 müntəzəm reys həyata keçirilir və sərnişin tələbatından asılı olaraq bu say dəyişə bilir.
“Yay mövsümündə sərnişin axını artdığı üçün uçuşların sayı 16-ya qədər yüksəldilir. Reyslərin sayında edilən dəyişikliklər həm əməliyyat səmərəliliyi, həm də uçuş təhlükəsizliyi nəzərə alınaraq həyata keçirilir,” – deyə o bildirib.
Samir Rzayev qeyd edib ki, kəskin hava şəraiti və gözlənilməz texniki hallar zamanı operativ qərarlar qəbul olunur və uçuş cədvəlinə dəyişiklik edilə bilir.
O vurğulayıb ki, bəzi hallarda təyyarə Bakıdan havaya qalxdıqdan sonra Naxçıvanda hava şəraitinin dəyişməsi səbəbindən geri qayıtmaq qərarı verilir.
“Naxçıvan Hava Limanı xüsusi relyefə malik ərazidə yerləşir. Hava şəraiti təhlükəli hesab edildikdə ekipaj təhlükəsizlik baxımından təyyarənin geri dönməsi barədə qərar verir,” – deyə AZAL rəhbəri bildirib.
Samir Rzayev əlavə edib ki, AZAL üçün əsas prioritet sərnişinlərin təhlükəsizliyidir və bu məsələdə əlavə xərclər nəzərə alınmadan bütün qərarlar təhlükəsizlik prinsipi əsasında qəbul edilir.