"Yuventus" "Liverpul"un müdafiəçisi ilə maraqlanır
"Yuventus" "Tottenhem"lə transfer danışıqları aparan "Liverpul"un müdafiəçisi Endryu Robertsonu heyətinə qatmağı planlaşdırır.
Operativ Media xəbər verir ki, bu haqda Jurnalist Canluka Di Marsio məlumat yayıb.
Mənbə bildirir ki, 32 yaşlı futbolçu yay transfer pəncərəsində "Liverpul"dan ayrılmaq niyyətindədir. Robertsonun hazırkı müqaviləsi 2026-cı il iyunun 30-da başa çatır.
Müdafiəçi bu ilin qışında London klubuna keçmək üçün "Tottenhem"lə danışıqlar aparsa da, 2025/26 mövsümünün sonuna qədər "Liverpul"da qalıb. Robertson komandanın Premyer Liqada qalacağı təqdirdə, yayda bu kluba keçməyə ilkin razılıq verib. London təmsilçisi İngiltərə çempionatının turnir cədvəlini 17-ci pillədə başa vuraraq Premyer Liqadakı yerini qoruyub.
"Yuventus" Robertsonu "Tottenhem"in əlindən almaq niyyətindədir və artıq oyunçu ilə danışıqlara başlayıb.
Müdafiəçi "Liverpul"a 2017-ci ilin iyulunda qoşulub. O, 2025/26 mövsümündə keçirdiyi 36 oyunda 3 qol vurub və 2 məhsuldar ötürmə edib. "Transfermarkt" portalı Robertsonun dəyərini 10 milyon avro qiymətləndirir.