Azərbaycan cüdoçuları gənclər arasında Avropa Kubokunu 5 medalla başa vurdular
Avstriyanın Qrats şəhərində keçirilən cüdo üzrə gənclər arasında Avropa Kuboku başa çatıb.
Operativ Media xəbər verir ki, Azərbaycan millisi yarışın son günündə daha 4 medal qazanıb.
-90 kq çəki dərəcəsində mübarizə aparan Süleyman Şükürov bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib çıxıb. Cüdoçumuz finala gedən yolda Rumıniya, Qazaxıstan, Gürcüstan, Macarıstan və Almaniya təmsilçilərini məğlub edib. Süleyman həlledici görüşdə Braziliya idmançısı Joao Pedro Kanelyonu yuko xalı ilə üstələyərək çempion olub.
Roman Qarayev (-81 kq), Aslan Kotsoyev (-90 kq) və Ramazan Əhmədov (+100 kq) isə turniri bürünc medalla başa vurublar.
Qeyd edək ki, yarışın ilk günündə Məhəmməd Musayev (-66 kq) qızıl medal qazanmışdı.
Beləliklə, Avropa Kubokunu 2 qızıl və 3 bürünc medalla tamamlayan Azərbaycan millisi 34 ölkə arasında oğlanların mübarizəsində ikinci, ümumi medal sıralamasında isə üçüncü yeri tutub.