KMBİ onlayn qumar və kazino oyunlarına qarşı əməliyyat keçirib - VİDEO
Son illər qanunsuz onlayn kazino və qumar oyunlarının qlobal internet məkanında geniş miqyasda yayılması halları müşahidə olunur.
Operativ Media xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Bildirilib ki, sosial şəbəkələrdə “asan qazanc”, “bonus*”, “pulsuz balans” kimi vədlərlə təqdim olunan bu platformalar minlərlə insanı qanunsuz əməllərə sövq edir.
Xüsusilə sosial media vasitəsilə yayılan reklamlar təhlükənin miqyasını daha da artırır. Nəticə isə əksər hallarda maddi ziyan, psixoloji asılılıq və törədilən bu qanunsuz əmələ görə azadlığın məhdudlaşdırılması ilə yekunlaşır.
Bir çox ölkələrdə hüquq-mühafizə orqanları artıq qanunsuz onlayn kazino şəbəkələrinə qarşı mübarizəni gücləndirib. Bu məqsədlə kibermonitorinq sistemləri təkmilləşdirilib, maliyyə əməliyyatlarına nəzarət artırılıb. Azərbaycanda isə qeyri-qanuni onlayn qumar və kazino oyunlarına qarşı mübarizə Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən aparılır.
Kiberpolisin bu məqsədlə keçirdiyi sonuncu tədbirlərlə qeyd olunan cinayət əməllərində təqsirli bilinən daha 4 nəfər - Səfər Səfərov, Fazil Məmmədov, Riyad Heydərli və Nadir Soltanov saxlanılıb. Araşdırmalarla müəyyən edilib ki, həmin şəxslər ölkə hüdudlarından kənarda yaradılan onlayn kazino saytlarının Azərbaycan seqmenti üzrə admin panelini idarə ediblər. Bu isə həmin şəxslərə ölkə ərazisində kazino oyunlarını təşkil etməyə imkan yaradıb. Saxlanılan şəxslərin yaşadıqları ünvanlara baxış zamanı elektron sübutlar, qanunsuz kazino oyunlarında istifadə olunan 200-dən artıq bank kartları, mobil nömrələr və s. aşkarlanaraq maddi sübut kimi götürülüb.
Qeyd olunan şəxslərə Baş İdarədə ittiham elan edilib və onlar cinayət məsuliyyətinə cəlb olunublar. Məhkəmənin qərarı ilə S.Səfərov və F.Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib. Saxlanılan digər iki şəxslə bağlı başlanan cinayət işi üzrə müvafiq istintaq hərəkətləri davam etdirilir.
Vətəndaşları bir daha qeyri-qanuni kazino və qumar oyunlarında iştirak etməməyə çağırırıq. Yaddan çıxarmaq olmaz ki, yalnız qanunsuz kazino oyunların təşkili yox, həmin oyunlarda iştirak da hüquqi məsuliyyət yaradır.