Azərbaycan təmsilçisi futzal üzrə Çempionlar Liqasına əsas mərhələdən başlayacaq
UEFA Çempionlar Liqasının 2026-2027-ci illər mövsümünün reqlamenti açıqlanıb.
Azərbaycan Futzal Federasiyasından Operativ Media-ya verilən məlumata görə, yarış ötən il olduğu kimi keçiriləcək. Bu dəfə də ilkin və əsas mərhələnin oyunları miniturnir şəklində baş tutacaq. Oyunlar qrupda yer alan klublardan birinin təmsil etdiyi şəhərdə keçiriləcək. Milli komandaların son reytinq cədvəlində (aprel) ilk “4-lük”də yer alan ölkələrin hər biri 2 klubla təmsil olunacaq. Rusiya cəzalı olduğuna görə, Portuqaliya, İspaniya, Qazaxıstan və Ukrayna bu hüquqdan yararlanacaq. Əsas mərhələdə komandalar yenə A və B yolunda yarışacaqlar.
İlkin və əsas mərhələnin püşkatması: 8 iyul
İlkin mərhələnin oyunları: 25-30 avqust
Əsas mərhələnin oyunları: 27 oktyabr – 1 noyabr
1/8 və 1/4 finalın püşkatması: 4 noyabr
1/8 final oyunları (ev və səfər): 23 noyabr, 4 dekabr
1/4 final oyunları (ev və səfər): 8 və 19 fevral 2027
Final: 6 və ya 7 // 8 və ya 9 may 2027
İlkin mərhələ
Aşağı reytinqli komandalar oyunlara bu mərhələdən başlayacaqlar. İştirakçıların sayından asılı olaraq qruplarda 4 və ya 3 komanda yer alacaq. Mini-turnirin qalibləri (saydan asılı olaraq ən yaxşı ikinci yerin sahibi də ola bilər) əsas mərhələyə vəsiqə qazanacaq.
Əsas mərhələ
A yolu
Reytinq cədvəlinin 1-11 və 16-19-cu yerlərində qərarlaşan klublar burada mübarizə aparacaqlar. Hər birində 4 iştirakçı olacaq. İlk 3 yeri tutan klublar 1/8 finala yüksələcək.
B yolu
12-15-ci və 20-ci pillədən başlayaraq aşağı reytinqli, həmçinin ilkin mərhələdən vəsiqə qazanacaq klublar 4 qrupda mübarizə aparacaqlar. Ancaq birinci yeri tutacaq 4 klub 1/8 finalda iştirak edəcək.
1/8 final
Ötən mövsüm ilk dəfə tətbiq edilən və elit raundu əvəz edən bu mərhələdə komandalar evdə və səfərdə qarşılaşacaqlar. İki oyunun ümumi nəticəsinə görə üstün olan tərəf 1/4 finala adlayacaq.
1/4 final
Burada da şərtlər dəyişməyəcək. Eyni rəqiblər evdə və səfərdə üz-üzə gələcəklər. Yekunda üstünlük qazanan tərəf final mərhələsinə yollanacaq.
Qeyd edək ki, ölkəmizi UEFA Çempionlar Liqasının yeni mövsümündə də “Araz-Naxçıvan” təmsil edəcək. Komandanın mübarizəyə əsas mərhələdən başlayacağı gözlənilir.