Menyu

Daşınmaz əmlakın barteri: Qanunvericilik nələri tələb edir?

Ayşən Sadıxzadə
Daşınmaz əmlakın barteri: Qanunvericilik nələri tələb edir?

Azərbaycanda dəyişdirmə (barter) müqavilələrinin hüquqi tənzimlənməsi və daşınmaz əmlakın dəyişdirilməsi zamanı tələb olunan sənədlərin siyahısı açıqlanıb.

Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin sədri Fariz Əkbərov mövzu ilə bağlı Operativ Media-ya verdiyi açıqlamada bildirib ki, barter müqaviləsi üzrə münasibətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə ciddi şəkildə nizamlanır.

Ekspertin sözlərinə görə, Mülki Məcəllənin 662-ci maddəsinə əsasən, dəyişdirmə müqaviləsi tərəflərdən hər birinin digər tərəfin mülkiyyətinə bir əşyanın müqabilində başqa bir əşyanı vermək öhdəliyidir. Bu müqaviləyə alğı-satqı qaydaları müvafiq surətdə tətbiq edilir. Prosesin hər bir iştirakçısı eyni zamanda həm verdiyi əşyanın satıcısı, həm də aldığı əşyanın alıcısı hesab olunur.

Məcəllənin digər maddələrində isə prosesin vacib detalları müəyyən edilib. 663-cü maddəyə əsasən, müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, dəyişdirilən mallar bərabər qiymətli sayılır. Malların verilməsi və qəbulu xərclərini isə müvafiq vəzifəni daşıyan tərəf özü çəkir. 664-cü maddədə qeyd olunur ki, əgər malların verilmə müddətləri üst-üstə düşmürsə, prosesə öhdəliklərin qarşılıqlı icrası haqqında ümumi qaydalar tətbiq edilir. Mülkiyyət hüququnun keçməsini tənzimləyən 665-ci maddəyə görə isə, əgər müqavilədə fərqli şərt yoxdursa, dəyişdirilən mallara mülkiyyət hüququ hər iki tərəf öz öhdəliyini tam icra etdikdən sonra eyni vaxtda qarşı tərəfə keçir.

Fariz Əkbərov daşınmaz əmlakın (ev, torpaq, obyekt və s.) dəyişdirilməsi zamanı vətəndaşlardan tələb olunan sənədlərin siyahısını da təqdim edib. Bura əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd və əmlakın üzərində yüklülüyün (girov) və ya həbsin olub-olmaması barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin verdiyi arayış daxildir. Həmçinin, mülkiyyətçi rəsmi nikahdadırsa, onun nikah haqqında şəhadətnaməsi və daşınmaz əmlakın dəyişdirilməsinə həyat yoldaşının (ərin və ya arvadın) notariat qaydasında təsdiq edilmiş rəsmi razılığı tələb olunur.

Əlaqəli Xəbərlər