Energetika naziri Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri ilə görüşüb
“Bakı Enerji Həftəsi” çərçivəsində energetika naziri Pərviz Şahbazov Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms və Almaniyanın aparıcı şirkətlərinin nümayəndələri ilə görüş keçirib.
Operativ Media xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.
Görüşdə Azərbaycanla Almaniya arasında enerji sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Təbii qaz, bərpa olunan enerji, enerji səmərəliliyi, hidrogen, istilik nasosları, enerji saxlama sistemləri və elektrik enerjisi infrastrukturu sahələrində əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.
Azərbaycanın Almaniyaya qaz tədarükünə başlaması, Avropanın enerji təhlükəsizliyində artan rolu, eləcə də enerji keçidi kursu yüksək qiymətləndirilib. Azərbaycanda həyata keçirilən bərpa olunan enerji layihələri, elektrik enerjisi interkonnektorları, yaşıl enerji dəhlizləri və Avropaya elektrik enerjisi ixracı imkanları barədə məlumat verilib. Regional bağlantılar və hidrogenlə bağlı planlar fonunda Alman şirkətləri ilə müxtəlif istiqamətli əməkdaşlıqlara dair fikir mübadiləsi aparılıb.