Menyu

May ayında ölkədə maksimal temperatur Kürdəmirdə, minimal temperatur isə Şahdağda qeydə alınıb

Operativ Media
May ayında ölkədə maksimal temperatur Kürdəmirdə, minimal temperatur isə Şahdağda qeydə alınıb

May ayında Bakı və Abşeron yarımadasında havanın temperaturu iqlim norması ilə müqayisədə 22 gün normadan yuxarı, 9 gün isə normadan aşağı müşahidə edilib. Orta aylıq temperatur 18°C isti təşkil edib ki, bu da iqlim normasından 1°C yuxarıdır.

Operativ Media AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.

Onun sözlərinə görə, yarımadada maksimal temperatur mayın 13-də 32°C isti (Maştağa), bölgələrdə isə mayın 28-də 33°C isti (Kürdəmir) təşkil edib. Minimal temperatur isə Bakıda və Abşeron yarımadasında mayın 5-də 9°C isti (Maştağa), yüksək dağlıq ərazilərdə isə mayın 9-da 2°C şaxta (Şahdağ) olub: “May ayı ərzində bəzi günlərdə hava şəraiti fasilələrlə yağıntılı keçib, dağlıq ərazilərdə sulu qar və qar yağıb. Bəzi ərazilərdə yağıntılar leysan xarakterli, intensiv və güclü olub. Ümumilikdə, bölgələr üzrə 31 gün yağıntılı hava şəraiti müşahidə edilib. Ən çox yağıntı aylıq normanın 749 faizi olmaqla Bakı və Abşeron yarımadasına (Bakı – 148 millimetr), aylıq normanın 199 faizi olmaqla Balakən–Şəki zonasına (Kişçay-Şəki – 206 millimetr) və aylıq normanın 265 faizi olmaqla Lənkəran–Astara zonasına (Biləsuvar – 85 millimetr) düşüb. Qar yağması nəticəsində qar örtüyünün maksimal hündürlüyü mayın 9-da Şahdağda 9 santimetr qeydə alınıb”.

N.Mahmudov onu da qeyd edib ki, may ayı ərzində ölkənin müxtəlif bölgələrində dolu hadisələri də qeydə alınıb. Dolu əsasən Bakı və Abşeron yarımadası, Gədəbəy, Şəmkir, Şuşa, Laçın, Qəbələ, Şəki, Qax, Balakən, Zaqatala, Yardımlı, Qusar, İsmayıllı, Ağstafa, Daşkəsən, Kəlbəcər və digər rayonlarda müşahidə olunub. Dolu dənələrinin diametri əksər hallarda 4–20 millimetr arasında dəyişib. Ən böyük dolu isə mayın 29-da Oğuz rayonunun Qarabulaq və Böyük Söyüdlü kəndlərində qeydə alınıb, diametri 15–30 millimetr təşkil edib.

“2026-cı ilin may ayı ərzində küləkli hava şəraiti ilə bağlı rəng şkalasına uyğun olaraq 10 sarı və narıncı xəbərdarlıq verilib. Bakı və Abşeron yarımadasında 11 gün, bölgələrdə isə 18 gün küləkli hava şəraiti müşahidə olunub. Küləyin maksimal sürəti həm Bakı və Abşeron yarımadasında, həm də bölgələrdə saniyədə 28 metrə çatıb”, - deyə N.Mahmudov qeyd edib.

Əlaqəli Xəbərlər