"Everton" 40 milyon avro cərimələnib
"Everton" klubu Premyer Liqanın 2021/22 mövsümündə mənfəətlilik və dayanıqlılıq qaydalarını pozduğu üçün "Bernli"yə 40,7 milyon avrodan çox təzminat ödəməyə məhkum edilib.
Operativ Media xəbər verir ki, bu haqda PA məlumat yayıb.
Həmin mövsümdə "Bernli" yüksək diviziondan məhkəməyə müraciət etmişdi.
2023-cü ilin sonunda maliyyə qaydalarını pozduğuna görə "Everton"dan 10 xal silinmişdi. Bir neçə aydan sonra (keçmiş rəhbər Fərhad Moşirinin dövründə) bu cəza 6 xala endirilmişdi. 2021/22 mövsümündə "Everton" turnir cədvəlində "Bernli"nin qərarlaşdığı 18-ci pillədən 4 xal irəlidə qərarlaşmışdı. Lakin Lankaşir təmsilçisi uğurla sübut edib ki, əgər qayda pozuntusuna görə 6 xallıq cəza məhz həmin mövsümdə tətbiq olunsaydı, onlar Premyer Liqada qala bilərdilər.
"Everton" nümayəndələri "səhv" hesab etdikləri bu qərardan dərhal apellyasiya şikayəti veriblər.
Klubun bəyanatında deyilir: "Everton" futbol klubu Premyer Liqanın müstəqil intizam komissiyasının 2022-ci ilin iyununda qaydaların pozulması ilə əlaqədar "Bernli"yə təzminat ödənilməsi barədə qərarından təəccüblənib və qəzəblənib".
Klub komissiyanın "Bernli"nin 2022-ci ilin mayında Premyer Liqadan düşməsinə səbəb kimi "Everton"un mənfəətlilik və dayanıqlılıq qaydalarını pozaraq idman üstünlüyü əldə etməsi barədə gəldiyi nəticəni qəbul etmir. "Everton" artıq bu pozuntuya görə ciddi idman cəzası çəkdiyini vurğulayır.
Bəyanatda həmçinin qeyd olunur: "Bu qərar İngiltərə futbolu üçün təhlükəli və qəbuledilməz bir presedent yaradır, çünki klubun maliyyə ilinin istənilən vaxtında maliyyə qaydalarını poza biləcəyi prinsipinə əsaslanır. "Everton" hesab edir ki, komissiyanın hökmü hüquqşünaslarımız tərəfindən təqdim olunan aydın sübutları təhrif edir və apellyasiya şikayətimiz təmin olunacaq".
"Everton" üçün kəsilən cərimənin məbləği 30,3 milyon avro və əlavə olaraq 10,6 milyon avro faiz təşkil edib. Gözlənilir ki, əlavə faizlər də hesablanacaq və bu, ümumi məbləği təxminən 46,6 milyon avroya çatdıra bilər. Məlumata görə, "Bernli" təzminat olaraq 60,2 milyon avro tələb edirdi, lakin "Everton" maliyyə itkilərinin hesablanma qaydasına etiraz edib.
Digər klublar da iddia qaldırmağı nəzərdən keçirsələr də, sonradan bu fikirdən daşınıblar. Hesabat dövründə klub xərcləmə limitini 22,7 milyon avro keçib. Buna baxmayaraq, "Everton" pozuntudan xəbərsiz olduğunu və "Bernli"nin turnirdən düşməsi ilə onların maliyyə ilinin başa çatması arasında altı həftəlik vaxtın olduğunu iddia edir. Onların fikrincə, bu müddət ərzində pozuntunun qarşısını almaq üçün addımlar atıla bilərdi.
Klub rəhbərliyi bu qərarın 2026-cı ilin yay transfer pəncərəsi planlarına təsir göstərməyəcəyini bəyan edib.
"Bernli"nin sədri Alan Peys isə klubun fəaliyyətinin tamamilə ədalətli olduğunu düşünür:
"Bizim qəbul edə bilməyəcəyimiz və heç bir klubun dözməməli olduğu şey, sonradan dürüstlüyünə xələl gəldiyi məlum olan bir yarışda iştirak etməkdir. Müstəqil komissiya artıq aydın şəkildə təsdiqlədi ki, qayda pozulub və qeyri-bərabər rəqabət üstünlüyü əldə edilib.
Bizim addımlarımız hər zaman futbolu daha ədalətli etməyə yönəlib. Qaydalara əməl edən klublar bərabər şərtlərdə mübarizə aparmağa layiqdirlər. Azarkeşlər buna layiqdirlər, idman bunu tələb edir. Komissiyanın qərarı oyunu qorumaq üçün mövcud olan strukturu təsdiqləyir", — deyə Peys qeyd edib.