Menyu

İnvestorların yeni ünvanları: Bölgələrdə əmlak bazarı canlanır - VİDEO

Ayşən Sadıxzadə
İnvestorların yeni ünvanları: Bölgələrdə əmlak bazarı canlanır - VİDEO

Əvvəllər daşınmaz əmlaka yatırım edənlərin əsas seçimi Bakıdakı mənzillər idisə, son illərdə bu tendensiya dəyişib. Artıq investorlar daha çox bölgələrə, xüsusilə turizm potensialı yüksək olan ərazilərə üstünlük verirlər. Mütəxəssislər bildirirlər ki, həm istirahət, həm də gəlir əldə etmək imkanı seçimə təsir göstərən əsas amillərdəndir.

Operativ Media “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, son illərdə bölgələrdə turizm infrastrukturunun inkişaf etməsi və turist axınının artması həmin ərazilərdə daşınmaz əmlaka marağı da yüksəldib.

İnvestisiya məqsədilə əmlak alanlar Bakı, Sumqayıt, Gəncə və digər şəhərlərdə, hətta ölkə xaricində yaşasalar belə, kirayə gəlirləri yüksək olan bölgələrə üstünlük verirlər.

Məhz buna görə də Qəbələ, İsmayıllı, Lerik, Lənkəran, Xaçmaz, Xızı və Quba kimi rayonlar son illərdə investorların diqqət mərkəzinə çevrilib. Bu ərazilərdə əmlak alan vətəndaşların böyük əksəriyyəti həmin rayonların sakinləri deyil, əsasən Bakı şəhərində yaşayan şəxslərdir.

Ekspertlərin sözlərinə görə, investorlar əmlak alarkən ilk növbədə onun gələcəkdə dəyərinin artacağını, yəni kapitalizasiyasını nəzərə alırlar. Bununla belə, həm yaşayış, həm də investisiya məqsədilə seçilən əmlaklar bəzən gözləntiləri tam doğrultmur.

Paytaxtda daşınmaz əmlak qiymətlərinin sürətlə bahalaşması investisiya üçün tələb olunan vəsaiti artırır və qoyulan kapitalın qısa müddətdə geri qayıtmasını çətinləşdirir. Buna görə də insanlar daha az vəsaitlə daha yüksək gəlir əldə edə biləcəkləri bölgələrə maraq göstərirlər.

Əgər əmlak yaşayış məqsədilə alınırsa, onun iş yerinə, təhsil müəssisələrinə və gündəlik istifadə olunan məkanlara yaxın yerləşməsi vacib hesab olunur. Lakin investisiya məqsədilə alınan əmlaklarda əsas meyar gəlirlilik göstəricisidir.

Ekspert bildirir ki, beynəlxalq təcrübəyə görə, əgər bir əmlakın illik kirayə gəliri onun bazar dəyərinin ən azı 5 faizini təşkil edirsə, bu, məqbul investisiya sayılır. İllik kirayə gəliri 5 faizdən aşağı olduqda isə həmin əmlak investisiya baxımından o qədər də cəlbedici hesab edilmir. Bu göstərici nə qədər yüksəkdirsə, yatırım da bir o qədər uğurlu sayılır. Bununla yanaşı, əmlakın illər ərzində dəyər artımı da nəzərə alınmalıdır.

Ekspertlərin fikrincə, turizm potensialı və gəlir imkanları nəzərə alınarsa, bölgələrdə daşınmaz əmlaka marağın yaxın illərdə də artaraq davam edəcəyi gözlənilir.

Əlaqəli Xəbərlər