Azərbaycan Badminton Federasiyası Ruandaya idman ləvazimatları göndərib
Azərbaycan Badminton Federasiyası (ABF) Afrikada badmintonun inkişafına dəstək layihəsini davam etdirir.
ABF-dən Operativ Media-ya bildirilib ki, bu dəfə Dünya Badminton Federasiyası (BWF) və Afrika Badminton Konfederasiyası ilə əməkdaşlıq çərçivəsində Ruanda Badminton Federasiyası raketka, volan və digər zəruri idman ləvazimatları ilə təmin edilib.
Layihənin əsas məqsədi sosial məsuliyyət prinsipləri çərçivəsində Afrika ölkələrində badmintonun inkişafına töhfə vermək, bu idman növünün daha geniş yayılmasına dəstək göstərməkdir.
Ruanda Badminton Federasiyası Azərbaycan tərəfinə ünvanladığı rəsmi məktubda göstərilən dəstəyə görə minnətdarlığını ifadə edib. Məktubda bildirilib ki, təqdim olunan idman avadanlıqları ölkədə badminton üzrə ilk çempionatın uğurla keçirilməsində mühüm rol oynayıb.
Bundan əlavə, Ruanda Badminton Federasiyası ABF ilə uzunmüddətli əməkdaşlıq qurmaq niyyətində olduğunu qeyd edib. Məqsəd Azərbaycanın badminton sahəsindəki təcrübəsindən yararlanmaq, Ruandada bu idman növünün inkişafını sürətləndirmək və gələcəkdə beynəlxalq arenada rəqabət apara biləcək idmançıların yetişdirilməsinə nail olmaqdır.