Honq-Konqda Dünya Kuboku formalarının saxta nüsxələri müsadirə edildi
Honq-Konq hakimiyyəti tərəfindən 2026-cı il futbol üzrə Dünya Çempionatının (DÇ-2026) rəmzlərini daşıyan, ümumi dəyəri təxminən 20 milyon ABŞ dolları olan 230 min saxta mal (o cümlədən formalar) müsadirə edilib.
Operativ Media xəbər verir ki, bu barədə “Associated Press” (AP) agentliyi məlumat yayıb.
Honq-Konq Gömrük Departamentinin baş müfəttişi Ueyn Çun iyunun 11-də bəyan edib ki, müsadirə olunmuş malların arasında 30 minə yaxın forma var və onların bəziləri o qədər keyfiyyətli hazırlanıb ki, orijnalından fərqləndirmək çətindir. Onun sözlərinə görə, həmin geyimlərin əksəriyyəti futbolçuların oyun zamanı geyindiyi və daha yüksək keyfiyyətli materiallardan hazırlandığı üçün azarkeş versiyalarından baha satılan orijinal formaların surətləridir.
Qeyd olunub ki, bu malların hamısı xarici bazarlar üçün nəzərdə tutulub və onların təxminən 80 faizi ABŞ-yə göndərilməli idi.
Mayın sonundan iyunun əvvəlinə qədər logistika mərkəzlərində keçirilən əməliyyat zamanı, həmçinin ayaqqabılar, saatlar, dinamiklər və çantalar da müsadirə edilib. Keçirilən mətbuat konfransında “Louis Vuitton” çantalarının və “Rolex” saatlarının saxta surətləri olan mallar nümayiş etdirilib.
Əməliyyat çərçivəsində Honq-Konqu materik Çini və qonşu qumar mərkəzi Makao ilə birləşdirən körpüdəki nəzarət-buraxılış məntəqəsində bir yük avtomobilinin sürücüsü saxlanılıb. İnternetdə saxta formaların satışı ilə bağlı isə daha beş nəfər tutulub. Onların hamısı zaminə buraxılıb.
Ueyn Çun bildirib ki, satış məqsədilə saxta malları idxal və ya eksport edən, satan, yaxud saxlayan hər bir şəxsi, təqsiri sübuta yetiriləcəyi təqdirdə, maksimum beş il müddətinə azadlıqdan məhrumetmə və təxminən 64 min ABŞ dolları məbləğində cərimə cəzası gözləyir.