Yay mövsümündə Heydər Əliyev Beynəlxalq Aeroportundan uçuş şəbəkəsi genişlənib
Yay mövsümünün başlaması ilə səyahət planları aktuallaşır və Heydər Əliyev Beynəlxalq Aeroportundan həyata keçirilən reyslərin sayı və istiqamətləri artır.
Operativ Media xəbər verir ki, hazırda aeroportdan dünyanın müxtəlif regionlarına 40-a yaxın aviaşirkət tərəfindən müntəzəm uçuşlar həyata keçirilir.
“AZAL”, “Turkish Airlines”, “Lufthansa”, “LOT Polish Airlines”, “Air Astana”, “Wizz Air”, “Pegasus Airlines”, “AJet”, “Centrum Air”, “China Southern” və digər aviadaşıyıcılar sərnişinlərə geniş marşrut şəbəkəsi təqdim edir.
Yay mövsümündə ən yüksək tələbat ənənəvi olaraq Türkiyənin kurort şəhərləri və Avropanın məşhur turizm mərkəzləri istiqamətində müşahidə olunur. Antalya, Bodrum, İzmir, Roma, Milan, Paris, Barselona, Praqa və Vyana kimi şəhərlər sərnişinlərin ən çox üstünlük verdiyi istiqamətlər sırasındadır.
Son illərdə Asiya və Mərkəzi Asiya ölkələrinə marağın da artdığı qeyd edilir. Azərbaycan və Çin arasında vizasız rejimin tətbiqindən sonra Pekin və Urumçi istiqamətləri daha çox seçilir. Astana, Almatı, Daşkənd, Şımkənd və Səmərqənd kimi şəhərlər isə İpək Yolu irsi və turizm potensialı ilə diqqət çəkir.
Bununla yanaşı, Bakıdan yeni aviaşirkətlərin də uçuş şəbəkəsinə qoşulduğu bildirilir. “Air Serbia” Belqrad, “Airblue” Lahor və “FlyOne” Daşkənd istiqamətlərində sərnişinlərə əlavə səyahət imkanları yaradır.
Sərnişinlərə artan tələbatı nəzərə alaraq səfərləri əvvəlcədən planlaşdırmaq və aviabiletləri erkən əldə etmək tövsiyə olunur. Uçuş cədvəlləri barədə məlumatın isə aviaşirkətlərin rəsmi internet səhifələrindən əldə edildiyi qeyd olunub.