Azərbaycanda torpaq sahələri üzərində hüquqların özəl tərəfdaşa ötürülməsi qaydası dəyişir
Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilmiş iclasında Torpaq Məcəlləsinin, "Torpaq icarəsi haqqında", "Torpaq bazarı haqqında", "Dövlət əmlakının özəlləşdirilməsi haqqında", "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" və "Tənzimlənən qiymətlər haqqında" qanunların "Dövlət-özəl tərəfdaşlığı haqqında" qanuna uyğunlaşdırılmasını nəzərdə tutan qanun layihəsi qəbul edilib.
Operativ Media xəbər verir ki, sənədə əsasən, "Dövlət-özəl tərəfdaşlığı haqqında" qanuna uyğun olaraq torpaq sahələri üzərində hüquqların özəl tərəfdaşa ötürülməsi məqsədilə həmin torpaq sahələrinin dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.
Dövlət-özəl tərəfdaşlığı layihəsini həyata keçirmək məqsədilə dövlət mülkiyyətində olan torpaq sahəsi özəl tərəfdaşa "Dövlət-özəl tərəfdaşlığı haqqında" qanuna uyğun olaraq səlahiyyətli orqanla özəl tərəfdaş arasında bağlanılan icarə müqaviləsinə əsasən icarəyə verilir.
"Dövlət-özəl tərəfdaşlığı haqqında" qanuna uyğun olaraq bağlanılmış dövlət-özəl tərəfdaşlığı müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi hallarında "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" qanunun tətbiq dairəsinin məhdudlaşdırılması mümkündür.
"Dövlət-özəl tərəfdaşlığı haqqında" qanuna uyğun olaraq müsabiqənin şərtlər toplusunda nəzərdə tutulduğu halda özəl tərəfdaşa tənzimlənən qiymətlərin səviyyəsinə dair təminat verilir.