Ekspert: "Mövsümi işlər düzgün təşkil olunarsa, əhalinin gəlirlərinə ciddi töhfə verər"
"Əmək bazarı baxımından daimi iş yerləri mövsümi işlərlə müqayisədə daha sabit hesab olunur. Çünki daimi məşğulluq işçilərə davamlı gəlir, sosial təminat və uzunmüddətli əmək münasibətləri təqdim edir. Bununla belə, mövsümi işlərin də iqtisadi fəaliyyətdə mühüm rolu var və bir sıra sahələrdə əmək tələbatının qarşılanmasında əhəmiyyətli funksiyanı yerinə yetirir".
Bu sözləri Operativ Media-ya açıqlamasında Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov deyib.
O bildirib ki, mövsümi məşğulluq əsasən ilin müəyyən dövrlərində aktivləşən fəaliyyət sahələri ilə bağlıdır. Məsələn, qış mövsümündə dağ-xizək turizmi, qış istirahət mərkəzləri və əlaqəli xidmət sahələrində işçi tələbatı artır. Yay aylarında isə kənd təsərrüfatı, turizm, istirahət mərkəzləri, hotellər və ictimai iaşə obyektlərində əlavə işçi qüvvəsinə ehtiyac yaranır. Bu baxımdan mövsümi işlər iqtisadiyyatın müəyyən sahələrinin fəaliyyət dövrünə uyğun formalaşır:
“Bir çox ölkələrin təcrübəsi göstərir ki, insanlar il ərzində müxtəlif mövsümi fəaliyyətlər arasında keçid edərək məşğulluqlarını qoruyub saxlaya bilirlər. Məsələn, yay mövsümündə turizm və ya kənd təsərrüfatı sahəsində çalışan şəxslər digər dövrlərdə nəqliyyat, ticarət və ya xidmət sektorunda fəaliyyət göstərərək gəlir mənbələrini diversifikasiya edirlər. Bu yanaşma mövsümi işsizliyin təsirlərini azaltmağa imkan verir.
Kənd təsərrüfatında isə mövsümilik anlayışı yalnız məhsulun yığılması və satışından ibarət deyil. Məhsul əldə olunan dövrlərlə yanaşı, ilin digər aylarında da əkinə hazırlıq, torpaq becərilməsi, budama, qulluq və digər aqrotexniki tədbirlər həyata keçirilir. Bu səbəbdən kənd təsərrüfatında fəaliyyət ilboyu davam etsə də, gəlirlərin əsas hissəsi məhsulun satış dövründə formalaşır. Əgər əldə olunan gəlir kifayət qədər yüksəkdirsə, bu vəsait ilin digər aylarında da təsərrüfatın və ailənin maliyyə təminatında mühüm rol oynayır.
Beləliklə, daimi məşğulluq daha stabil gəlir mənbəyi hesab edilsə də, mövsümi işlər də əmək bazarının vacib elementlərindən biridir və düzgün təşkil olunduğu halda əhalinin gəlirlərinin artırılmasına və məşğulluğun dəstəklənməsinə əhəmiyyətli töhfə verir”.