Azərbaycan millisi Tacikistan yığması ilə qarşılaşacaq
Azərbaycan millisinin UEFA Millətlər Liqasına hazırlıq çərçivəsində son yoldaşlıq oyununu Tacikistan yığmasına qarşı keçirəcəyi dəqiqləşib.
Operativ Media xəbər verir ki, bunu Asiya komandasının baş məşqçisi İqor Angelovski yerli mətbuata açıqlamasında təsdiqləyib.
O, Asiya Kuboku – 2027-yə hazırlıq çərçivəsində əsasən Asiya komandaları ilə qarşılaşacaqlarını söyləyib. Şimali makedoniyalı mütəxəssis Azərbaycan millisini seçmə səbəbi kimi bu komandanın həm Asiya, həm də Avropa futboluna yaxın olmasını göstərib.
Qarşılaşma sentyabrın 23-də Azərbaycanda baş tutacaq. Lakin oyunun konkret olaraq hansı şəhərdə və hansı stadionda keçiriləcəyi hələlik açıqlanmayıb.
Qeyd edək ki, Azərbaycan yığması Millətlər Liqasında ilk oyununu sentyabrın 27-də səfərdə Litvaya qarşı keçirəcək.