Qırğızıstanın İCIEC-ə üzvlüyünün perspektivləri Bakıda müzakirə olunub
Qırğızıstan İnvestisiyaların və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyasının (ICIEC) üzvü ola bilər.
Operativ Media-nın məlumatına görə, bu barədə Qırğızıstanın Maliyyə Nazirliyi məlumat yayıb.
Qırğızıstan maliyyə nazirinin müavini Nurbek Akjolov və Korporasiyanın baş direktoru Xalid Xələfullah İslam İnkişaf Bankı Qrupunun Bakıda keçirilən İllik Toplantısında respublikanın beynəlxalq təşkilata qəbul edilməsi məsələsini müzakirə ediblər.
Danışıqlar zamanı tərəflər Qırğızıstanın İCIEC-ə üzvlük perspektivlərini müzakirə ediblər. Görüş iştirakçılarının qeyd etdiyi kimi, korporasiyanın İdarə Heyəti yaxın gələcəkdə respublikanın üzvlük ərizəsinə baxacaq.
Qırğızıstanın təşkilata qoşulması investisiya cəlb etmək, ölkənin ixrac potensialını inkişaf etdirmək və beynəlxalq iqtisadi əməkdaşlığı gücləndirmək üçün geniş imkanlar yaradacaq.
Bundan əlavə, ICIEC nümayəndə heyətinin bu il mümkün gələcək əməkdaşlıq mexanizmləri ilə bağlı məsləhətləşmələr və müzakirələr aparmaq üçün Qırğızıstana səfər etməsi gözlənilir.