Valdas Dambrauskas: "Artıq bütün komandalar futbol oynamağı bilir"
"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin püşkünü dəyərləndirib.
Operativ Media xəbər verir ki, püşkə əsasən, paytaxt təmsilçisi Uels TNS-i ilə qarşılaşacaq.
Litvalı mütəxəssis klubun mətbuat xidmətinə açıqlamasında rəqibləri haqda müsbət fikirlər səsləndirib.
"İlk növbədə düşünürəm ki, hər bir rəqibə hörmətlə yanaşmaq lazımdır. TNS dəfələrlə Uels çempionu olmuş, Avropada tanınan komandadır. Onlar 10 ildən artıqdır ki, daxili çempionatda dominantlıq edirlər. Necə oynamağınızdan, hansı futbolu sərgiləməyinizdən asılı olmayaraq, əsas məsələ mentaliletdir. Hər matçda qələbə qazanmaq üçün çıxmalısan. Bu da göstərir ki, hər bir rəqibə hörmət etməli, özünü ən yaxşı şəkildə hazırlamalısan".
O, rəqibin kimliyinin əhəmliyyətli olmadığını deyib: "Püşk ikinci dərəcəli məsələdir. Hansı rəqibin düşməyi o qədər də önəmli deyil. Ən vacib məqam bizim necə hazırlaşacağımız, hansı formada olacağımız, nə qədər istəkli və intizamlı davranacağımızdır. Çünki rəqibin kimliyindən asılı olmayaraq, özünü yaxşı hazırlayan hər kəs futbol oynamağı bacarır. Artıq bütün komandalar futbol oynamağı bilir. Bəlkə də bu, çox sadə səslənir. Mərhələ 2 oyunda ibarətdir. Hər şey baş verə bilər".
V.Dambrauskas hazırda təlim-məşq toplanışına kökləndiklərini söyləyib: "İndi etməli olduğumuz əsas şey bu təlim-məşq toplanışına istəkli, düzgün yanaşma illə başlamaqdır. Ən yaxşı səviyyədə hazırlaşmalı, yoxlama matçları keçirməli, oyun üslubumuzu yeniləməliyik. Öz oyunumuza yeni komponentlər əlavə etməliyik. Məncə, sən yaxşı hazlraşsan, nəticələr özü gələcək".
Qeyd edək ki, UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin oyunları iyulun 7-8-i və 14-15-də keçiriləcək.