ACF rəhbərliyi Avropa çempionatında iştirak edəcək yeniyetmə cüdoçularla görüş keçirib
Yeniyetmələr arasında Avropa çempionatında iştirak edəcək Azərbaycan milli komandasının üzvləri ilə görüş keçirilib.
Operativ Media xəbər verir ki, görüşdə Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu, federasiya prezidentinin müşaviri Natiq Bağırov və yığmaların məşqçi heyəti iştirak edib.
Federasiya rəhbərliyi idmançılara olan etimadını ifadə edərək, onların Avropa çempionatında uğurlu çıxış edəcəklərinə inandığını vurğulayıb. Cüdoçulara qarşıdakı yarışla bağlı tövsiyələr verilib və məsuliyyətli mübarizə aparmalarının vacibliyi qeyd olunub.
Qeyd edək ki, cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatı 29 iyun – 2 iyul tarixlərində İspaniyanın Las-Palmas-de-Qran-Kanariya şəhərində keçiriləcək. Azərbaycan qitə birinciliyində 12 çəki dərəcəsində 17 idmançı (10 oğlan, 7 qız) ilə fərdi yarışlarda təmsil olunacaq. Yığmamız turnirin son günündə qarışıq komanda yarışında da mübarizə aparacaq.