Serbiya klubu Elvin Cəfərquliyevi istəyir
Serbiyanın "Partizan" klubu "Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyevin transferi üçün hərəkətə keçib.
Operativ Media xəbər verir ki, Belqrad təmsilçisi sol cinah müdafiəçisinin xidmətində ciddi maraqlıdır. Bu barədə Serbiyanın "Sportivo.rs" portalı məlumat yayıb.
"Partizan"ın 25 yaşlı oyunçuya görə danışıqlara başladığı bildirilir.
Serbiya klubunun rəhbərliyi və məşqçilər korpusu millimizin üzvünü müdafiə xəttinin gücləndirilməsi üçün ideal variant hesab edirlər.
Belqradlılar bu transferin reallaşması istiqamətində ilk rəsmi addımları atıblar.
Qeyd edək ki, Elvin Cəfərquliyev Misli Premyer Liqasında apreldə keçirilən "Şamaxı" - "Qarabağ" oyunundan (0:0) sonra intizam qaydalarını pozduğuna görə baş məşqçi Qurban Qurbanovun qərarı ilə əsas heyətdən kənarlaşdırılmışdı. Lakin müdafiəçi hazırda Ağdam təmsilçisinin Avstriyadakı təlim-məşq toplanışında iştirak edir. O, ötən mövsüm "köhlən atlar"ın heyətində bütün turnirlərdə 42 matçda 2 qol və 6 məhsuldar ötürməylə yadda qalıb.