Əmlak həbsi ilə bağlı mübahisələrin məhkəmədə həlli son oxunuşda qəbul edilib
Milli Məclis cinayət mühakimə icraatı çərçivəsində əmlak üzərinə həbs qoyulması barədə cinayət prosesini həyata keçirən orqanın qərarının məhkəmə nəzarəti qaydasında mübahisələndirilməsini son oxunuşda qəbul edib.
Operativ Media xəbər verir ki, bununla bağlı Cinayət-Prosessual, Cəzaların İcrası Məcəllələrinə və "İcra haqqında" Qanuna təklif edilən dəyişikliklər parlamentin bugünkü plenar iclasında müzakirə olunub.
Təklif edilən dəyişikliklər təqsirləndirilən şəxs olmayan, lakin əmlak üzərinə həbs qoyulması barədə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə qanuni mənafeyinə toxunulan şəxslərin, cinayət prosesində iştirak edən digər şəxslər kateqoriyasına daxil edilməsi, həmin şəxslərin qanuni mənafeyinə toxunulan şəxs qismində cinayət prosesinə cəlb edilməsi, cinayət prosesində iştirak edən şəxslər kimi apelyasiya, kassasiya, əlavə kassasiya şikayəti vermək hüquqları və qaydalarını tənzim edir.
Sənədə əsasən, ən mühüm dəyişikliklərdən biri də cinayət mühakimə icraatı çərçivəsində əmlak üzərinə həbs qoyulması barədə cinayət prosesini həyata keçirən orqanın qərarının mülki mühakimə icraatı çərçivəsində deyil, məhkəmə nəzarəti qaydasında mübahisələndirilməsinin nəzərdə tutulmasıdır.
Belə ki, mülki mühakimə icraatından fərqli olaraq məhkəmə nəzarəti qaydasında materiallara baxılması və işin həll edilməsi zaman baxımından daha çevik və operativ baş verir. Üstəlik daha sonra məhkəmə qərarının preyudisial əhəmiyyətinin hansı həddə olması kimi mübahisənin yaranmasının da qarşısı alınmış olur.
Qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.