Azərbaycan Premyer Liqasının son mövsümündə ən çox dəqiq ötürmə edən futbolçular bəlli olub
Azərbaycan Peşəkar Futbol Liqası (PFL) 2025-2026-cı illər mövsümündə meydanda 90 dəqiqə ərzində ən çox ötürmə edən futbolçuların rəsmi statistikasını və bu ötürmələrin dəqiqlik faizini açıqlayıb.
Operativ Media xəbər verir ki, siyahının ilk beşliyində yalnız "Qarabağ" və "Zirə" klublarının oyunçuları qərarlaşıblar.
Statistik göstəricilərə görə, mövsümün ən aktiv ötürmə edən futbolçusu "Qarabağ"ın yarımmüdafiəçisi Marko Yankoviçdir. O, 90 dəqiqəyə orta hesabla 69,23 ötürmə reallaşdırıb və bu ötürmələrdə 89 faizlik dəqiqlik nümayiş etdirib. Onun komanda yoldaşı Sami Mmae isə 90 dəqiqə ərzində etdiyi 68,26 ötürmə ilə siyahıda ikinci sırada yer alıb. Mmaenin ötürmələrinin dəqiqlik faizi daha yüksək – 91 faiz olub.
İlk üçlüyü "Zirə"nin futbolçusu İsmayıl İbrahimli tamamlayır. Yarımmüdafiəçi meydanda olduğu hər 90 dəqiqəyə orta hesabla 64,99 ötürmə sığdırıb və 91 faizlik dəqiqlik göstəricisinə nail olub.
Siyahının dördüncü pilləsində "Qarabağ"ın təcrübəli müdafiəçisi Bədavi Hüseynov qərarlaşıb. Hüseynov 90 dəqiqə ərzində orta hesabla 63,43 ötürmə edib. Diqqətçəkən məqam budur ki, o, 93 faizlik göstərici ilə siyahıdakı futbolçular arasında ən dəqiq ötürmə edən oyunçu ünvanına sahiblənib.
Beşliyi isə "Zirə"nin digər təmsilçisi Ange Mutsinzi qapayır. Müdafiəçi hər 90 dəqiqədə orta hesabla 62,73 ötürmə yerinə yetirib və bu komponentdə 90 faizlik dəqiqlik nümayiş etdirib.