SABAH İncəsənət Festivalının açılış mərasimi keçirilib
SABAH İncəsənət Festivalının açılış mərasimi keçirilib.
Operativ Media xəbər verir ki, Müasir İncəsənət Muzeyində təşkil olunan tədbir SABAH qrupları layihəsinin incəsənət istiqamətləri üzrə təhsil alan tələbələrinin yaradıcılıq nailiyyətlərini nümayiş etdirmək, gənclər arasında təhsilə və yaradıcılığa marağı artırmaq, eləcə də ictimaiyyəti ali təhsildə əldə olunan uğurlarla tanış etmək məqsədi daşıyıb.
Açılış mərasimində dövlət qurumlarının nümayəndələri, ali təhsil müəssisələrinin rəhbər və əməkdaşları, incəsənət ictimaiyyətinin nümayəndələri, rəssamlar və digər qonaqlar iştirak ediblər.
Festivalın ilk təqdimatlarından biri olaraq Azərbaycan Rəssamlıq Akademiyası (AzRA) SABAH tələbələrinin dizayn və dekorativ-tətbiqi sənət nümunələrindən ibarət sərgisi təşkil olunub. Müasir İncəsənət Muzeyində nümayiş olunan sərgidə tələbələrin hazırladıqları bədii xalça, bədii keramika və şüşə, bədii metal, bədii toxuculuq, dekorativ rəngkarlıq nümunələri, eləcə də dizayn işləri təqdim edilib.
Açılış proqramı çərçivəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) SABAH tələbələrinin ifasında “Rəssam, sevgilimin şəklini gəl çək” adlı bədii kompozisiya təqdim olunub.
Daha sonra Azərbaycan Rəssamlıq Akademiyası SABAH qrupları tələbələrinin hazırladıqları geyimlərdən ibarət dəfilə nümayiş etdirilib. Dəfilədə tələbələrin moda dizaynı sahəsində hazırladıqları yaradıcı işlər təqdim olunub. Nümayiş zamanı gənc dizaynerlərin fərdi yanaşması, müxtəlif materiallardan istifadə bacarığı, forma və rəng həllərində tətbiq etdikləri müasir üslub diqqət çəkib.
Qeyd edək ki, AzRA SABAH tələbələrinin əl işlərindən ibarət sərgi 2-3 iyul tarixlərində də Müasir İncəsənət Muzeyində davam edəcək və bütün ziyarətçilər üçün açıq olacaq.
SABAH İncəsənət Festivalı incəsənətin müxtəlif istiqamətlərində təhsil alan gənclərin yaradıcılıq imkanlarının nümayiş etdirilməsi, onların peşəkar inkişafının dəstəklənməsi və gələcəyin yaradıcı mütəxəssislərinin tanıdılması məqsədi daşıyır.