Azərbaycanın sədrliyi ilə Gəncədə beynəlxalq regional iclas keçirilib
Azərbaycanın sədrliyi ilə Gəncə şəhərində dabaq və xırdabuynuzlu heyvanların taunu üzrə Qərbi Avrasiya Regional Məsləhət Qrupunun (RMQ) növbəti iclası keçirilib.
Operativ Media xəbər verir ki, tədbirdə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA), Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST), Qazaxıstan, Özbəkistan, Gürcüstan və Qırğızıstanın müvafiq qurumlarının, həmçinin İqtisadi Əməkdaşlıq Təşkilatı Katibliyinin nümayəndələri iştirak ediblər. Eyni zamanda, Türkiyə, Rusiya, İran və digər ölkələrdən olan ekspertlər iclasa onlayn formatda qoşulublar.
AQTA sədrinin müavini Balarəhim Quliyev çıxışında ölkəmizdə heyvan sağlamlığının qorunması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. O qeyd edib ki, Azərbaycan 2024-cü ildə ÜHST tərəfindən xırdabuynuzlu heyvanların taunu və yüksək patogen quş qripindən azad ölkə statusu əldə edib. Eyni zamanda, əvvəlki illərdə qazanılmış atların Afrika xəstəliyi və donuzların Afrika taunu xəstəliklərindən azad statusu da qorunub saxlanılır.
Çıxış zamanı region üçün ciddi epizootoloji risk yaradan dabaq xəstəliyi ilə mübarizə sahəsində görülən işlərə toxunulub. Bildirilib ki, Azərbaycanın Dabaq Xəstəliyi üzrə Ölkə Nəzarət Proqramı qəbul edilib və ölkə Mərhələli Nəzarət Proqramı (PCP-FMD) çərçivəsində 3-cü səviyyəyə yüksəlib.
Balarəhim Quliyev Azərbaycanın 2027-ci ilədək Dabaq üzrə Regional Məsləhət Qrupuna sədrlik edəcəyini bildirərək, üzv ölkələr arasında əməkdaşlığın və təcrübə mübadiləsinin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb. O, həmçinin Azərbaycanın Dabaq Xəstəliklərinə Nəzarət üzrə Avropa Komissiyasına (EuFMD) üzvlüyü çərçivəsində transsərhəd heyvan xəstəliklərinə qarşı hazırlıq və nəzarət tədbirlərinin gücləndirilməsi istiqamətində birgə fəaliyyətin əhəmiyyətini diqqətə çatdırıb.
İclasda regionda dabaq, xırdabuynuzlu heyvanların taunu və digər transsərhəd heyvan xəstəlikləri üzrə mövcud epizootoloji vəziyyət müzakirə olunub. Həmçinin bu xəstəliklərə qarşı profilaktika və nəzarət tədbirlərinin gücləndirilməsi, regional əməkdaşlığın genişləndirilməsi və epizootoloji sabitliyin qorunması istiqamətində prioritet fəaliyyət istiqamətləri nəzərdən keçirilib.