Test kitləri və tibbi təyinatlı plastik qablaşdırma məhsulları istehsalı müəssisəsi yaradılacaq
Ölkədə sayca üçüncü KOB klaster şirkəti - "Healthtech Solutions KOB Klaster Şirkəti" MMC yaradılıb. “Bakı KOB evi”ndə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə şirkət arasında görüş keçirilib və şirkətə vergi güzəştlərini nəzərdə tutan KOB klaster şəhadətnaməsi təqdim olunub.
KOBİA-dan Operativ Media-ya bildirilib ki, Bakı şəhərində fəaliyyət göstərəcək müəssisə laboratoriyalarda istifadə olunan test kitləri və tibbi təyinatlı plastik qablaşdırma məhsulları istehsal edəcək. Layihəyə ilkin mərhələdə 5 milyon manat olmaqla, ümumilikdə 8 milyon manat həcmində investisiya yatırılması nəzərdə tutulur. Müəssisədə ilkin mərhələdə 10-a yaxın, ortamüddətli dövrdə isə 50 nəfərin daimi iş yeri ilə təmin olunması planlaşdırılır.
Artıq 11 KOB subyekti KOB klaster şirkətinin iştirakçısıdır. Bu şirkətlər KOB klaster şirkətinə istehsal prosesinin fasiləsizliyini və effektiv idarə olunmasını təmin edəcək xammal tədarükü, logistika, avadanlıqların təmiri, tikinti-quraşdırma, IT, dizayn və digər istiqamətlərdə xidmətlər göstərəcək.
Qanunvericiliyə əsasən, KOB klaster şirkəti və onun iştirakçıları reyestrə daxil edildiyi tarixdən etibarən 7 il müddətinə mənfəət, torpaq və əmlak vergilərindən, habelə texnoloji avadanlıqların idxalı zamanı ƏDV-dən azad olunmaqla geniş dövlət dəstəyi və vergi güzəştlərindən yararlanacaqlar.
Müəssisənin fəaliyyəti laboratoriya və tibbi sərf materialları üzrə yerli istehsalın inkişafına, bu sahədə idxalın əvəzlənməsinə və ixrac potensialının artırılmasına xidmət edəcək.
Qeyd edək ki, “KOB klaster şirkəti” və “KOB klaster iştirakçısı” şəhadətnamələrini verən səlahiyyətli qurum KOBİA-dır. İndiyədək agentlik tərəfindən iki şirkətə KOB klaster şəhadətnaməsi verilib.