İyun ayında Bakı metrosundan 18 milyondan çox sərnişin istifadə edib
Bu ilin iyun ayında Bakı Metropoliteni ilə 18 milyondan çox sərnişin səfər edib.
Operativ Media xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb.
Bildirilib ki, ötən ilin eyni ayı ilə müqayisədə sərnişindaşıma göstəricisi 6,9 faiz artıb.
Məlumata görə, iyun ayının ən çox istifadə olunan stansiyası 1 milyon 711 min 203 sərnişinlə "Koroğlu" stansiyası olub. Ay ərzində ən yüksək sərnişin axını isə iyunun 1-də qeydə alınıb. Həmin gün metrodan 752 min 703 nəfər istifadə edib.
Qeyd olunub ki, ay ərzində NFC və QR biletlər vasitəsilə ümumilikdə 9 milyon 366 min 674 ödəniş həyata keçirilib. Bu, ödənişli səfərlərin 51,9 faizini təşkil edib.
Bundan əlavə, "Əlçatan metro" xidməti çərçivəsində 161 sifariş yerinə yetirilib. Bu göstərici ötən ilin iyun ayı ilə müqayisədə xidmətdən istifadə edənlərin sayının 75 faiz artdığını göstərir.