DÇ-2026: Portuqaliya və İspaniya 42-ci dəfə üz-üzə gələcəklər
Portuqaliya və İspaniya milliləri iyulun 6-sı, bazar ertəsi günü futbol üzrə 2026-cı il dünya çempionatının 1/8 final mərhələsində qarşılaşacaqlar.
Operativ Media xəbər verir ki, oyun Arlinqtondakı (ABŞ) "Ey-Ti-end-Ti" (AT&T) stadionunda keçiriləcək. Start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək.
Komandalar öz aralarında keçirdikləri şəxsi görüşlərin statistikasında 41 dəfə üz-üzə gəliblər. Portuqaliya 7, İspaniya isə 18 qələbə qazanıb, daha 16 oyun isə heç-heçə başa çatıb. Onların sonuncu görüşü 2025-ci il iyunun 8-də UEFA Millətlər Liqasının finalında baş tutub: əsas və əlavə vaxt 2:2 hesabı ilə yekunlaşsa da, penaltilər seriyasında Portuqaliya 5:3 hesabı ilə qalib gəlib.
Bu qarşıdurmanın qalibi dünya çempionatının 1/4 final mərhələsinə yüksələcək və burada ABŞ – Belçika cütünün qalibi ilə qarşılaşacaq.
Həmçinin, dünya çempionatları tarixində İspaniya daha ciddi uğura imza atıb. İspanlar 2010-cu ildə dünya çempionu olublar. Portuqaliya millisinin DÇ-dəki ən yaxşı nəticəsi isə 1966-cı il turnirində qazanılan üçüncülükdür.