Menyu

VI “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsi başa çatıb

Operativ Media
VI “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsi başa çatıb

İyulun 5-də VI “Yüksəliş” müsabiqəsinin üç gün davam edən yarımfinal mərhələsi başa çatıb.

Operativ Media xəbər verir ki, “Bakı Ekspo Mərkəzi”ndə baş tutan yarımfinal mərhələsində müsabiqənin əvvəlki mərhələlərini uğurla tamamlamış 331 iştirakçı final mərhələsinə vəsiqə qazanmaq uğrunda mübarizə aparıb.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev yarımfinalçıları təbrik edərək onlara uğurlar arzulayıb. O bildirib ki, yarımfinal mərhələsinə qədər yüksəlmək iştirakçıların bilik, bacarıq və idarəetmə potensialının göstəricisidir. Fərhad Hacıyev qeyd edib ki, “Yüksəliş” müsabiqəsi ölkənin gələcək idarəçilərinin üzə çıxarılması, onların inkişafının dəstəklənməsi və idarəçilik potensialının gücləndirilməsi baxımından əhəmiyyətli layihədir.

Xatırladaq ki, bu il keçirilən müsabiqənin konsepti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə elan olunmuş “Şəhərsalma və Memarlıq İli”nə həsr edilib.

Üç gün davam edən yarımfinal mərhələsi çərçivəsində namizədlər 9 səriştə üzrə qiymətləndirilib. Bu səriştələrə strateji düşüncə, effektiv liderlik, qərarvermə, nəticəyönümlülük, işin effektivliyinin idarə edilməsi, adaptivlik, innovativ düşüncə, komanda işi və əməkdaşlıq, etika və dürüstlük daxildir. Qiymətləndirmə ekspertlər tərəfindən həyata keçirilib.

Qeyd edək ki, yarımfinal mərhələsinə hazırlıq çərçivəsində qiymətləndirici ekspertlər üçün üçgünlük təlim proqramı təşkil olunub. Təlimlərə 100-ə yaxın ekspert cəlb edilib. Ekspertlər real imtahan mühitinə yaxınlaşdırılmış simulyasiya olunmuş situasiyalar üzərindən iştirakçıların bacarıqlarının qiymətləndirilməsi, qiymətləndirmə meyarları, qiymətləndirmə mərkəzlərinin fəaliyyəti və ekspertlərin funksiyaları barədə ətraflı məlumatlandırılıblar.

Qiymətləndirmə prosesi beynəlxalq təcrübəyə əsaslanan və obyektivliyi ilə seçilən “Qiymətləndirmə konfransı” - “Assessment Conference” metodu ilə həyata keçirilib. Bu metod hər bir iştirakçının performansına çoxşaxəli yanaşmanı təmin edir və yekun qərarların kollegial əsasda verilməsinə imkan yaradır.

Yarımfinal mərhələsinin nəticələrinin növbəti 3-5 iş günü ərzində açıqlanması nəzərdə tutulur. Mərhələni uğurla başa vuran iştirakçıları qarşıda final mərhələsi gözləyir. Qeyd edək ki, 100-ə yaxın iştirakçı final mərhələsinə keçid haqqı qazanacaq.

VI “Yüksəliş” müsabiqəsinin final mərhələsi 17-19 iyul tarixlərində baş tutacaq.

“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə təsis olunub. Müsabiqənin qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.

Sayca altıncı “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2025-ci il 10 dekabr tarixində müvafiq Sərəncam imzalanıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər