Azərbaycan Voleybol Federasiyası yeni loqotipini və rəsmi saytını təqdim etdi
Bu gün Bakıda təşkil olunan Avropa çempionatının kubokunun təqdimat mərasimində Azərbaycan Voleybol Federasiyasının (AVF) yeni loqotipi və yenilənmiş internet saytı da təqdim olunub.
Operativ Media xəbər verir ki, GİN-in Voleybol Mərkəzində baş tutan tədbirdə federasiyanın yenilənmiş loqotipi haqqında ətraflı məlumat verən AVF-nin mətbuat katibi Şəfəq Kərimova bildirib ki, loqotip müasirliyi, dinamikanı və Azərbaycan voleybolunun inkişafını simvolizə edir.
Loqotipin mərkəzində voleybol topu yerləşir. Top yuxarı istiqamətə hərəkət edən dinamik xətlər üzərində təsvir olunub. Bu kompozisiya daim irəliyə doğru inkişafı, yüksəlişi, qələbəyə can atmağı və idmanın enerjisini ifadə edir.
Mavi rəng Azərbaycan bayrağındakı mavi rəngi təmsil edir. Türk irsini, etibarlılığı, peşəkarlığı və beynəlxalq arenada inamı simvolizə edir. Eyni zamanda səma və gələcəyə açıq baxışı ifadə edir. Qırmızı rəng inkişafı, yeniliyi, gücü və qələbə əzmini ifadə edir. Bu rəng idmançıların enerjisini, mübarizə ruhunu və daim daha yüksək nəticələr əldə etmək istəyini simvollaşdırır. Yaşıl rəng həyatı, sağlamlığı, harmoniyanı və davamlı inkişafı təcəssüm etdirir. Bu rəng həm də Azərbaycanın milli dəyərlərinə və gələcək nəsillərin yetişdirilməsinə verilən önəmi göstərir.
Loqotipin üzərindəki üç rəngli axıcı xətlər hərəkət və sürəti, komanda ruhunu, voleybol topunun trayektoriyasını, federasiyanın davamlı inkişaf yolunu, ölkənin müxtəlif bölgələrindən gələn idmançıların vahid məqsəd ətrafında birləşməsini simvolizə edir.
Loqotipin yuxarı hissəsində yerləşən voleybol topu federasiyanın əsas fəaliyyət istiqamətini birbaşa göstərir. Topun dinamik yerləşdirilməsi oyunun sürətini, dəqiqliyini, peşəkarlığı və beynəlxalq yarışlara yönəlmiş məqsədləri ifadə edir. AVF abbreviaturası güclü və müasir şriftlə təqdim olunub. Qalın həndəsi formalar sabitliyi, etibarlılığı və institusional gücü simvolizə edir. Tünd göy rəng isə federasiyanın peşəkar və rəsmi statusunu vurğulayır.
Yeni loqotip Azərbaycanın milli kimliyini, voleybolun dinamikasını və federasiyanın gələcəyə yönəlmiş strategiyasını vahid vizual obrazda birləşdirir. O, milli dəyərlərə sadiqliyi qorumaqla yanaşı, müasir, beynəlxalq standartlara uyğun və uzunmüddətli istifadə üçün yaradılmış güclü korporativ identiklik nümunəsidir.
Daha sonra AVF-nin yenilənmiş saytının da (avf.az) təqdimatını edən Ş. Kərimova buradakı bölmələr haqqında məlumat verib. Qeyd edib ki, saytda “AVF”, “Milli komanda”, “Liqalar”, “Uşaq voleybolu”, “Çimərlik voleybolu”, “Təlim-inkişaf”, “Xəbərlər”, “Əlaqə” və “Bizə qoşul” kimi əsas bölmələr yer alır. Oxucular və voleybol sevərlər sayt vasitəsilə voleybolumuzun tarixi, rəhbərlik, oyunlar, oyunçular, klublar, canlı yayım, turnir cədvəlləri və yarışların nəticələri ilə tanış ola biləcəklər.