DTX-nin Akademiyasında növbəti məzun buraxılışı olub
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasında (Akademiya) məzunların növbəti buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib.
Operativ Media xəbər verir ki, bu barədə DTX məlumat yayıb.
Bildirilib ki, tədbirdə DTX-nin rəisi general-polkovnik Əli Nağıyev, xidmətin rəhbər əməkdaşları, təhlükəsizlik orqanlarının veteranları, Akademiyanın professor-müəllim heyəti, məzunlar və onların valideynləri iştirak ediblər.
Məzunlara diplomlar təqdim olunduqdan sonra general-polkovnik Əli Nağıyev gənc zabitləri təbrik edərək, Akademiyanın böyük inkişaf yolu keçdiyini və burada yüksəkixtisaslı kadr hazırlığı üçün hərtərəfli şəraitin yaradıldığını diqqətə çatdırıb. Kursantların seçdikləri peşənin sirlərinə dərindən yiyələnmələrinin vacibliyini bildirən Xidmət rəisi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi və birbaşa dəstəyi sayəsində ölkəmizdə müasir çağırışlara cavab verən xüsusi xidmət orqanlarının formalaşdığını qeyd edib.
DTX rəisi dünyada cərəyan edən mürəkkəb geosiyasi proseslər fonunda ölkədə sabitliyin etibarlı şəkildə qorunduğunu vurğulayaraq milli təhlükəsizliyin təmin olunması istiqamətində bundan sonra da bütün qüvvə və vasitələrin səfərbər ediləcəyini açıqlayıb. General-polkovnik Əli Nağıyev gənc zabitlərin Ümummilli Liderin adını daşıyan Akademiyanın məzunları kimi gələcək fəaliyyətlərində unudulmaz şəxsiyyətin vətənpərvərlik irsini layiqincə yaşadacaqlarına əminliyini ifadə edib.
Təntənəli mərasim xatirə fotoşəklinin çəkilməsi ilə başa çatıb.