Daşkənddə Şeyxülislam Allahşükür Paşazadənin yeni kitabı təqdim olundu
Özbəkistanda I Beynəlxalq İslam Sivilizasiyası Forumunun ikinci günündə - yeni kitabların təqdimatı panelində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadənin müəllifi olduğu, Azərbaycan və özbək dillərində çap olunmuş "Qardaşlıq və müttəfiqliyin zirvəsi" adlı kitab-albomun təqdimat mərasimi keçirilib.
QMİ-nin Mətbuat xidmətindən Operativ Media-ya bildirilib ki, İslam Sivilizasiyası Mərkəzində baş tutan paneldə ICESCO-nun baş direktoru Salim Əl-Malik, IRCICA-nın baş direktoru Mahmut Erol Kılıç və digər rəsmi şəxslər iştirak ediblər.
"Qardaşlıq və Müttəfiqliyin Zirvəsi" adlı kitab-albom Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında mövcud qardaşlıq münasibətləri, müttəfiqlik zirvəsinə yüksəlmiş dövlətlərarası münasibətlərin mənəvi əlaqələrimizin inkişafına töhfələri əks olunub.
Azərbaycan Prezidentinin İslam dininin müqəddəs dəyərlərinə, xalqımızın dini-mənəvi irsinə ali diqqət və qayğısı, beynəlxalq müstəvidə İslam həmrəyliyi ideyalarını fəal müdafiə etmək səylərinizə görə duyduğu qürur və minnətdarlıq hissi, Özbəkistan Prezidentinin ali mənəvi dəyərlərə, İslami irsimizə böyük ehtiramı və bu istiqamətdə dünyaya örnək olan fəaliyyətlərini işıqlandırmaq məqsədi daşıyan "Qardaşlıq və Müttəfiqliyin Zirvəsi"adlı kitab-albom 216 səhifədən ibarətdir və "Azərbaycan Nəşriyyatı"nda nəfis şəkildə çap olunub.
Kitabda Azərbaycanda və Özbəkistanda baş tutan səmimi görüşlər, müxtəlif dövrlərdə A.Paşazadənin Azərbaycan və Özbəkistanda keçirilən tədbirlərdəki çıxışları, konfrans materialları, məktub və məruzələri və fotoşəkillər ehtiva olunur.
A.Paşazadə kitabın Forumda təqdimat mərasimində çıxış edib: "Doğma yurdum Azərbaycanla ikinci vətənim Özbəkistan arasında əbədi qardaşlıq əlaqələrinə ithaf etdiyimiz "Qardaşlıq və Müttəfiqliyin Zirvəsi" adlı nəşrin təqdimat mərasimində sizlərlə bir araya gəlməkdən böyük şərəf duyuram. İki dildə - Azərbaycan və özbək dillərində işıq üzü görən "Qardaşlıq və Müttəfiqliyin Zirvəsi" kitab-albomu iki qardaş xalq, müttəfiq dövlətlərin ən yeni tarixində qüdrətli dövlət rəhbərlərinin səyləri və müdrik addımları sayəsində siyasi müttəfiqlik zirvəsinə yüksəlmiş münasibətlər dönəmində mədəni-mənəvi əlaqələrin, dini dəyərlərin inkişafını əks etdirmək məramı daşıyır.
Özbəkistanla Azərbaycanın əsrlərə dayanan ortaq tarixində bu gün möhtəşəm dövr yaşanır. Mədəniyyətlərarası dialoqa dair 18 illik tarixə malik Bakı Prosesinin müəllifi, İslam Həmrəyliyi və insan qardaşlığı ideyalarının qlobal müstəvidə təşəbbüskarı və ardıcıl müdafiəçisi, İslamofobiyaya qarşı qətiyyətli mövqe nümayiş etdirən Azərbaycan Prezidenti İlham Əliyevin səyləri hər birimiz üçün fəxr mənbəyidir. Bu gün Mərkəzi Asiyasının mənəvi mərkəzi statusunu daşıyan Özbəkistanın dini dözümsüzlüyə, İslamofobiyaya qarşı İslam dünyasının manifestini BMT tribunasından təqdim edən Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin səy və əməlləri ilə qürur duyuruq".
I Beynəlxalq İslam Forumunun Daşkənddə bağlanış mərasimində A.Paşazadəyə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin xüsusi hədiyyəsi və Forum adından hədiyyə təqdim olunub.