Qaradağda 3 fərqli yol sahəsində yeni avtomobil körpüləri tikilir
Bakı–Ələt–Qazax–Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 55-ci kilometrində, Qobustan qəsəbəsi ərazisində inşa olunan körpüdə tikinti işləri yekun mərhələyə çatıb.
Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, hazırda asfalt-beton örtüyünün salınması üçün hazırlıq görülür.
Səngəçal–Çeyildağ avtomobil yolunun 13-cü kilometrində tikilən körpünün dayaqlarının inşası üçün svaylar vurulub, bünövrənin betonlanmasına hazırlıq aparılır.
Lökbatan–Güzdək avtomobil yolunun 2,2-ci kilometrində inşa olunan körpünün birinci kənar dayağında işlər davam etdirilir, ikinci kənar dayağın bünövrəsi isə artıq hazırdır.
İnşaat norma və qaydalarına uyğun tikilən yeni körpülər istismara verildikdən sonra bu yol sahələrində nəqliyyatın daha rahat və təhlükəsiz hərəkətinə xidmət edəcək.