"Qarabağ" "Partizan"ın müdafiəçisini transfer etmək istəyir
"Qarabağ" bosniya və herseqovinalı müdafiəçi Nihad Muyakiçi heyətinə qatmaq istəyir.
Operativ Media xəbər verir ki, bu barədə Serbiya mətbuatı məlumat yayıb.
28 yaşlı müdafiəçi bu yaxınlarda Türkiyənin "Qaziantep" klubundakı icarə müddətini başa vuraraq "Partizan"a qayıdıb, lakin mövcud məlumatlara görə, o, məşqçilər heyətinin növbəti mövsüm üçün planlarına daxil deyil. Bu səbəbdən Belqrad təmsilçisi ilə yolların ayrılacağı ehtimalı getdikcə artır və hazırda karyerasını davam etdirmək üçün "Qarabağ" ən real variant kimi görünür.
"Partizan"ın bu transferə razılıq verməsinin əsas səbəblərindən biri də büdcəni yüngülləşdirmək istəyidir. Belə ki, Serbiya mediasının yazdığına görə, Muyakiç komandada ən çox maaş alan futbolçulardan biridir və onun gedişi klubun maliyyə öhdəliklərini əhəmiyyətli dərəcədə azaldacaq. Karyerası ərzində Bosniya və Herseqovina millisinin üzvü "Sarayevo", "Kortreyk", "Hayduk", "Ankaragücü", "Partizan" və "Qaziantep" kimi klublarda çıxış edib.
Transfer reallaşacağı təqdirdə, Muyakiç "Qarabağ"da Bosniya və Herseqovina millisindən komanda yoldaşı ilə eyni paltardəyişmə otağını bölüşəcək. Xatırladaq ki, bu yaydan etibarən Ağdam təmsilçisinin heyətinə bosniya və herseqovinalı qapıçı Martin Zlomisliç də qoşulub. Nihad Muyakiç indiyədək Bosniya və Herseqovina yığmasının heyətində 12 oyuna çıxıb.