TNS-in baş məşqçisi: “Sabah” zəif komanda deyil
“Sabah” UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Uelsin TNS komandası ilə cavab matçına çıxacaq.
Operativ Media xəbər verir ki, TNS-in baş məşqçisi Kreyq Harrison matçdan öncə keçirilən mətbuat konfransında fikirlərini bölüşüb:
“Sabah” çox yaxşı komandadır. “Qarabağ” kimi Çempionlar Liqasında uğurla çıxış edən bir komanda ilə rəqabət aparırlar və onlara qarşı belə nəticələr göstərirlərsə, deməli, zəif ola bilməzlər. Onların çox yaxşı oyunçuları və təcrübəli baş məşqçisi var. Məğlubiyyətə rəğmən, komandamın təşkilatçılığı, əzmkarlığı və fədakarlığı məni sevindirdi. Bəlkə də istədiyimiz qədər hücum edə bilmədik.
Bu dəfə rəqibin topa o qədər də çox sahib olmayacağını gözləyirəm. Lakin onlar topa nəzarət etməyi sevən komandadırlar, ona görə də yenə müəyyən üstünlükləri ola bilər. Oyun planımız bu dəfə fərqli olacaq, topla daha çox oynamağa və imkanlar yaratmağa çalışacağıq. Topa sahib olmaq güclü göstəricidir, amma yekunda hər şeyi qapıya zərbələr həll edir. Evdə daha çox hücum etməyi və onları təzyiq altında saxlamağı planlaşdırırıq. Əgər ilk qolu biz vursaq, hər şey dəyişəcək.
Avropada süni örtüklü meydançalar o qədər də çox deyil. Biz isə hər gün burada məşq edir və oynayırıq. Topun quru və ya yaş havada necə hərəkət etdiyini çox yaxşı bilirik. Futbolçularımız özlərini burada rahat hiss edirlər. Biz evdə doğrudan da təhlükəli rəqibik və bunu sabahkı matç üçün böyük müsbət hal kimi dəyərləndiririk.
Evdə oynayırıq, 2 top fərqi ilə geridəyik və ilk qolu bizim vurmağımız mütləqdir. Bu qol 1-ci dəqiqədə də gələ bilər, 80-ci dəqiqədə də. Əgər 80 dəqiqə ərzində ilk qolu vura bilsək, oyun tamamilə yenidən başlayacaq. Əsas məqsədimiz də məhz budur”.