"Bornmut" uruqvaylı hücumçu Alvaro Rodriqesi transfer edib
İngiltərənin "Bornmut" klubu heyətini yeni hücumçu ilə gücləndirərək Alvaro Rodriqeslə rəsmi müqavilə imzalayıb.
Operativ Media xəbər verir ki, bu barədə məlumatı "The Athletic" nəşri yayıb. İmzalanan razılaşmanın müddəti barədə rəsmi məlumat verilməsə də, transferin dəyərinin 25 milyon avro təşkil etdiyi bildirilib. Müqavilənin şərtlərinə əsasən, bu məbləğin 50 faizi Madrid "Real"ına ödəniləcək və ispan klubu oyunçu üzərindəki hüquqlarını tamamilə itirəcək.
Uruqvaylı 22 yaşlı forvardın son komandası İspaniyanın "Elçe" klubu olub. Onun bu klubla müqavilə müddəti 2029-cu il iyunun 30-na qədər nəzərdə tutulsa da, karyerasını dumanlı albionda davam etdirməyə qərar verib. A.Rodriqes arxada qalan 2025/2026-cı illər mövsümündə meydana çıxdığı 36 rəsmi qarşılaşmada 7 qol vurub və 5 məhsuldar ötürmə ilə yaddaqalan çıxış edib.
Qeyd edək ki, gənc futbolçu daha əvvəl "Xetafe" və "Real"ın gənclər komandasında da çıxış edib. Hazırda "Transfermarkt" portalı onun transfer dəyərini 10 milyon avro qiymətləndirir.