"Mediada Azərbaycan dili" proqramı üzrə sertifikatların təqdimat mərasimi keçirilib
"Mediada Azərbaycan dili" proqramı üzrə sertifikatların təqdimat mərasimi keçirilib.
Operativ Media xəbər verir ki, təqdimat mərasimində bir sıra rəsmi şəxslər çıxış ediblər.
Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bildirib ki, informasiya mühitinin sürətlə dəyişdiyi, rəqəmsal platformaların təsirinin artdığı dövrdə jurnalistlərin peşəkar bacarıqları ilə yanaşı, Azərbaycan dilinin norma və qaydalarını dərindən bilməsi xüsusi əhəmiyyət daşıyır. O qeyd edib ki, dövlət dilinin mediada düzgün tətbiqi cəmiyyətin etibarlı informasiya ilə təmin olunmasına və peşəkar jurnalistika mühitinin möhkəmlənməsinə xidmət edir.
Əhməd İsmayılov həmçinin bildirib ki, proqram çərçivəsində jurnalistlər üçün "Mediada Azərbaycan dili" metodik vəsaiti hazırlanıb.
"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin sədri Rövşən Məmmədov isə qeyd edib ki, efir məkanı cəmiyyət üçün nümunə rolunu oynadığından aparıcıların, jurnalistlərin və digər media nümayəndələrinin nitq mədəniyyətinə xüsusi diqqət yetirməsi vacibdir. O vurğulayıb ki, Azərbaycan dilinin zəngin ifadə imkanlarının qorunması, dil normalarının efirdə düzgün tətbiqi milli media mühitinin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.
Tədbir çərçivəsində jurnalistlər üçün hazırlanan “Mediada Azərbaycan dili” adlı metodik vəsaitin rəsmi təqdimatı da baş tutub.
Kitabın müəllifləri - AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli, Bakı Dövlət Universitetinin kafedra müdiri, filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli, filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Xatirə Hüseynova və filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Aynur Nəsirova nəşrin hazırlanma məqsədi, mediada daha çox rast gəlinən dil qüsurları və vəsaitin jurnalistlərin gündəlik fəaliyyətində istifadə oluna biləcək praktik mənbə kimi əhəmiyyəti barədə məlumat veriblər.
Bildirilib ki, vəsaitdə layihə çərçivəsində təlim keçən digər dilçi alimlərin, media mütəxəssislərinin tövsiyə və yanaşmalarına da yer verilib.
Daha sonra media nümayəndələrinə sertifikatlar təqdim olunub.