Böyük Britaniyada süni intellekt üzrə dövlət naziri təyin olunacaq
Böyük Britaniyanın Endi Bernemin rəhbərliyi ilə formalaşacaq yeni hökumətində süni intellektin (Sİ) inkişafı üzrə dövlət naziri postu yaradılacaq.
Operativ Media xəbər verir ki, bu barədə "The Sunday Times" qəzeti Endi Bernemin rəsmi nümayəndəsinə istinadən məlumat yayıb.
Nəşrin bildirdiyinə görə, sözügedən nazir statusunun hansı nazirliyin strukturuna daxil ediləcəyi hələlik dəqiqləşməyib. Bununla belə, yeni təyin olunacaq şəxsin geniş səlahiyyətlərə sahib olacağı və Nazirlər Kabinetinin iclaslarında iştirak etmək hüququ qazanacağı vurğulanıb.
Məlumata görə, iyulun 17-də idarəçi Leyboristlər Partiyasının lideri elan edilən E.Bernem bu vəzifəyə daxili seçkilər keçirilmədən gəlib. Buna səbəb digər mümkün namizədlərdən heç kimin mübarizəyə qoşulmaq istəməməsi olub. O, iyulun 20-də Bukingem sarayında Kral III Çarlz tərəfindən qəbul edildikdən və hökuməti qurmaq təklifini aldıqdan sonra rəsmən baş nazir postunun icrasına başlayacaq.
Qeyd olunub ki, ölkədə siyasi böhran mayın 7-də keçirilən yerli özünüidarəetmə seçkilərindən sonra kəskinləşib. Leyboristlər Uels parlamentinə nəzarəti ilk dəfə itirib və İngiltərənin müxtəlif qanunverici orqanlarında əvvəlki dövrlə müqayisədə 1400 daha az mandat əldə ediblər. Bu uğursuzluğun ardınca, iyunun 22-də Kir Starmer həm partiya liderliyindən, həm də hökumət başçısı vəzifəsindən gedəcəyini bəyan edib.