Kanadadakı meşə yanğınları səbəbindən DÇ-2026-nın final oyunu təhlükə altına düşüb
Ağ Ev nümayəndələri və FİFA prezidenti Canni İnfantino Kanadadakı meşə yanğınlarının yaratdığı tüstü dumanı ilə bağlı yaranmış sağlamlıq təhlükələrini müzakirə etmək üçün təcili görüş keçirəcəklər.
Operativ Media xəbər verir ki, bu barədə "Sky News" telekanalının jurnalisti Rob Harris "X" sosial şəbəkəsindəki hesabında məlumat yayıb. Məlumata görə, ABŞ rəsmiləri ilə futbol qurumunun rəhbəri arasında müzakirələr dünya çempionatının final qarşılaşmasından əvvəl baş tutacaq. Görüşün keçirilməsinə səbəb Kanadadan gələn kəskin rezin və tüstü qoxusunun Nyu-York və Nyu-Cersi ştatlarını bürüməsidir.
Qeyd olunub ki, iyul ayında müşahidə olunan anomal istilər səbəbindən Kanadada 830-dan çox nöqtədə irimiqyaslı meşə yanğınları aktiv fazadadır. Hər il may-oktyabr aylarını əhatə edən yanğınlar nəticəsində yaranan qatı duman artıq ABŞ-nin şərq sahillərinə, o cümlədən Vaşinqton, Nyu-York və Boston kimi böyük şəhərlərə çatıb.
Yaranmış vəziyyətlə bağlı ABŞ Prezidenti Donald Tramp Kanada hakimiyyətini meşələrə yetərincə qulluq etməməkdə ittiham edib və bu ölkəyə qarşı gömrük rüsumlarının tətbiq olunacağını bildirib. Yaranmış ekoloji böhran səbəbindən çempionatın həlledici oyununun baş tutması sual altına düşsə də, ekoloqlar iyulun 19-dək dumanın böyük hissəsinin çəkiləcəyini proqnozlaşdırırlar.
Xatırladaq ki, iyunun 11-də start götürən dünya çempionatı eyni vaxtda ABŞ, Meksika və Kanadada təşkil olunub. İyulun 19-da Nyu-Cersidəki "Metlayf" stadionunda keçirilməsi planlaşdırılan Argentina – İspaniya final matçının baş hakimi sloveniyalı referi Slavko Vinçiçdir. Sonuncu dünya çempionu titulu isə 2022-ci ildə Fransanı məğlub edən Argentina yığmasına məxsusdur.