Meksika yığmasının əfsanəvi qapıçısı Gilyermo Oçoa karyerasını başa vurdu
Meksika milli komandasının və bir sıra tanınmış klubların sabiq qapıçısı Gilyermo Oçoa 22 illik peşəkar futbolçu karyerasına yekun vurduğunu bəyan edib.
Operativ Media xəbər verir ki, 41 yaşlı təcrübəli qolkiper bu qərarını sosial şəbəkə hesabında paylaşdığı vida mesajı ilə açıqlayıb. O, karyerası ərzində meydanda hər şeyini verdiyini və əldə etdiyi uğurlarla qürur duyduğunu bildirib.
Oçoa karyerası ərzində altı Dünya Çempionatının iştirakçısı olmaqla Kriştianu Ronaldu və Lionel Messi kimi ulduzların göstəricisini təkrarlayıb. Təcrübəli əlcək sahibi bu turnirlərin üçündə – 2014, 2018 və 2022-ci illərdə komandasının əsas qapıçısı kimi çıxış edib. DÇ-2026-da isə Raul Rangelin ehtiyatçısı olan Oçoa, Çexiyaya qarşı keçirilən qrup mərhələsinin son oyununun son 13 dəqiqəsində meydana daxil olaraq azarkeşlərlə və futbolla vidalaşıb.
Klub səviyyəsində "Amerika", "Ayaçço", "Malaqa", "Qranada", "Standard", "Salernitana", "AVS SAD", "AEL" və "Tiqriljos Koapa" komandalarının şərəfini qoruyan Oçoa, "Amerika" ilə "Klausura-2005" çempionluğunu, "Standard" ilə isə Belçika Kubokunu qazanıb. Milli komanda ilə altı dəfə KONKAKAF Qızıl Kubokunun qalibi olan qolkiper, Tokio-2020 Yay Olimpiya Oyunlarında bürünc medal əldə edib.
Qeyd edək ki, 2005-ci ildən Meksika yığmasında çıxış edən Gilyermo Oçoa keçirdiyi 154 matçda 154 qol buraxıb, 64 qarşılaşmada isə qapısını toxunulmaz saxlayıb.