Ağstafa rayonu, Poylu kənd tam orta məktəbin binası qəzalı vəziyyətə düşüb.
"Operativ Media" xəbər verir ki, 1977-ci ildə tikilmiş və 324 şagirdin təhsil aldığı məktəb yararsız vəziyyətdədir.
İkimərtəbəli binanın dam örtüyü, döşəməsi, divarları, pəncərə və qapılarının hər biri ayrılıqda potensial təhlükə mənbəyidir.
Məktəbin direktoru bildirib ki, indiyədək bir neçə dəfə təmir işləri aparılıb, amma bu kifayət deyil.
Valideynlər isə övladlarının həyatından narahatdırlar. Çünki hər an bədbəxt hadisə baş verə bilər.
Məsələ ilə bağlı Qazax-Tovuz Regional Təhsil İdarəsinin aparıcı məsləhətçisi Nəcibə Vəliyeva bildirib ki, regionların 2019-2023-cü illə sosial-iqtisadi inkişafı dövlət proqramına əsasən, bir sıra məktəblərin təmir olunması planlaşdırılıb. Sözügedən məktəbin də təmiri proqrama daxil edilib.