Menyu

Sənədsiz evlərə çıxarış verilməsi ilə bağlı yeni təklif irəli sürülüb

Operativ Media
Sənədsiz evlərə çıxarış verilməsi ilə bağlı yeni təklif irəli sürülüb
5 dəq oxu

Azərbaycanda mərhələli əmlak amnistiyasına və bütün qeydiyyat məlumatlarını birləşdirən vahid dövlət proqramına ehtiyac var. Sənədsiz ev və torpaqlar inventarlaşdırılmalı, qeydiyyata yararlı olanlar sadələşdirilmiş qaydada rəsmiləşdirilməlidir.

Operativ Media xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

Deputat bildirib ki, müzakirəyə təqdim olunan qanun layihəsi dövlətin həyata keçirdiyi əmlak amnistiyası siyasətinin növbəti nümunəsidir. Onun sözlərinə görə, Mülki Məcəllənin 139-1-ci və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddələrinə torpaq sahəsinin planı və ölçüsü sənədinin dövlət qeydiyyatı üçün əsas sayılması barədə müddəanın əlavə edilməsi onilliklərdir torpaqdan istifadə edən, lakin mülkiyyət hüququnu rəsmiləşdirə bilməyən vətəndaşlar üçün mühüm qərardır.

Zahid Oruc qeyd edib ki, “Torpaq islahatı haqqında” Qanuna uyğun olaraq vətəndaşlara verilmiş həyətyanı sahələrin bir hissəsi 2006-cı il iyulun 6-dək mülkiyyət hüququnu təsdiqləyən şəhadətnamələrlə rəsmiləşdirilib. Sonradan çıxarış sisteminə keçilsə də, bir sıra vətəndaşlara yalnız torpaq sahəsinin planı və ölçüsü sənədi verilib.

“Eyni hüquqi əsaslarla torpaq alan insanlar arasında iki fərqli vəziyyət yarandı: birinin şəhadətnaməsi mülkiyyət hüququnun qeydiyyatı üçün kifayət edirdi, digərinin plan-ölçü sənədi isə hüquqmüəyyənedici sənəd sayılmırdı. İndi yaranan uyğunsuzluğun aradan qaldırılması nəzərdə tutulur. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 2015-ci il fevralın 6-dək tərtib olunmuş plan-ölçü sənədləri müəyyən edilmiş hallarda dövlət qeydiyyatının hüquqi əsasına çevriləcək”, – deputat bildirib.

O vurğulayıb ki, Prezident İlham Əliyev daşınmaz əmlakın dövlət qeydiyyatını hüquqi və sosial islahatlar kimi uzun illərdir davamlı şəkildə həyata keçirir. Xüsusilə 2011-ci ildə Bakı Şəhər İcra Hakimiyyətindəki müşavirədən sonra paytaxtda və ətraf qəsəbələrdə sənədsiz evlərin kütləvi qeydiyyatı aparılıb, qısa müddətdə 114 minə yaxın vətəndaşın əmlak hüququ tanınıb.

Deputatın sözlərinə görə, 2015-ci il yanvarın 13-də verilən Fərman sovet dövründən qalan sənədləri hüquqi əsas kimi qəbul edib. 2023-cü il iyunun 14-də imzalanan Fərman isə qeyri-yaşayış obyektlərinin rəsmiləşdirilməsi və təhlükəsizlik tələblərinə cavab verən obyektlərin istismarına icazə üçün xüsusi mexanizm yaradıb. Rəsmi açıqlamaya görə, bu qərarla 40 mindən çox qeyri-yaşayış tikilisinin statusunun həll olunması nəzərdə tutulub.

Zahid Oruc qeyd edib ki, 2025-ci ilin oktyabrınadək təxminən 19 min müraciət daxil olsa da, yalnız 4 minə yaxın obyekt reyestrdə qeydiyyata alınıb. Bu rəqəmlər prosesin daha da sürətləndirilməsinə ehtiyac olduğunu göstərir.

O bildirib ki, müraciətlərin vahid portal vasitəsilə qəbulu əlçatan olsa da, sonrakı mərhələlərdə dövlət qurumları arasında məlumat mübadiləsinin aylarla uzanması, yoxlamaların qeyri-məhdud qaydada davam etməsi və texniki rəylər obyektlərin rəsmiləşdirilməsinə mane olur.

Deputat əlavə edib ki, Prezidentin 16 iyul 2025-ci il tarixli Fərmanı qeydiyyat siyasətinə əlavə təkan verib. 2001-ci il yanvarın 1-dək verilən torpaq ayırma qərarları, təsərrüfatbaşına kitablarından çıxarışlar, texniki pasportlar və sovxoz direktorunun əmri qeydiyyat üçün əsas kimi qəbul olunub, bununla da on minlərlə həyət evinin sahibinə çıxarış almaq imkanı yaradılıb.

Sənədsiz ev və torpaq sahələrinin sayı ilə bağlı uzun illərdir fərqli rəqəmlər səsləndirildiyini, lakin qeyri-rəsmi statistikanın vahid inventarlaşdırmaya əsaslanmadığını deyən Zahid Oruc bu problemlərin müxtəlif kateqoriyalar üzrə qiymətləndirilməsinin vacibliyini vurğulayıb.

“Biz bu problemləri bir-birindən fərqləndirməliyik. Birinci qrupda vaxtilə qanuni əsaslarla torpaq və mənzil əldə etmiş, lakin sənədləri tam rəsmiləşdirilməmiş vətəndaşlar dayanır. İkinci qrupda torpaq üzərində hüququ müəyyən qədər təsdiqlənən, amma tikinti sənədləri olmayan evlər var. Üçüncü qrup isə dövlət, bələdiyyə, kənd təsərrüfatı, sənaye və digər təyinatlı torpaqlarda icazəsiz tikilmiş obyektlərdən ibarətdir. Fərqli qrupların hüquqi vəziyyəti müxtəlifdir və onlara eyni qaydanı tətbiq etmək mümkün olmaz”, – o bildirib.

Deputat Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayevin problemin mürəkkəbliyini göstərən açıqlamasına da diqqət çəkib. Bildirilib ki, quruma daxil olan müvafiq müraciətlərin 70 faizdən çoxu kənd təsərrüfatı təyinatlı torpaqlarda yaranmış yaşayış massivləri ilə bağlıdır.

Zahid Oruc elektron qeydiyyat, torpaq koordinatlarının dəqiqləşdirilməsi və vahid kadastr sisteminin yaradılması sahəsində Əmlak Məsələləri Dövlət Xidmətinin fəaliyyətini də qeyd edib. Onun sözlərinə görə, 2025-ci ildə ölkə üzrə 364 min 136 daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüququ qeydiyyata alınıb. Onlardan 70 min 596-sı ilkin, 293 min 540-ı isə təkrar qeydiyyat olub.

Deputat bildirib ki, qeydiyyatsız əmlakın sosial nəticələri ağırdır. Vətəndaş sənədsiz evi vərəsəlik hüququ ilə ötürə, sata, girov qoyaraq kredit ala bilmir. 2023-cü ildən sonra rəsmi sənədi olmayan evlərə qaz və digər kommunal xidmətlər də göstərilmir, əmlakın bazar dəyəri isə xeyli aşağı düşür.

Bakı və Abşeron ərazisində dövlət qeydiyyatına alınmamış fərdi yaşayış evləri ilə bağlı aparılmış son araşdırmanın nəticələrinə toxunan Zahid Oruc bildirib ki, söhbət müvəqqəti tikililərdən deyil, onilliklər ərzində formalaşmış yaşayış massivlərindən gedir.

Araşdırmaya əsasən, sorğuda iştirak edən ailələrin 33,2 faizi sənədsiz evlərdə 20 ildən artıq, 36,8 faizi isə 10 ildən 20 ilə qədər yaşayır. Beləliklə, ailələrin təxminən 70 faizi on ildən çoxdur eyni ünvanda məskunlaşıb.

Araşdırmanın sosial mahiyyətinə diqqət çəkən deputat bildirib ki, sorğuda iştirak edənlərin 27,9 faizinin aylıq gəliri 400 manat və ondan aşağı, 35,6 faizinin isə 400–1000 manat arasındadır. Bu isə sənədsiz evlərdə yaşayanların əhəmiyyətli hissəsinin aztəminatlı və orta gəlirli ailələr olduğunu göstərir.

Zahid Oruc qeyd edib ki, sənədsiz evlərin 81 faizi birmərtəbəlidir, böyük hissəsi 51–150 kvadratmetr ölçüsündə fərdi yaşayış sahələridir. Evlərin 60 faizini sakinlər özləri tikib, 27 faizini isə satın alıb. Bu səbəbdən rəsmiləşdirilməyən evlərin hamısına eyni hüquqi yanaşmanın tətbiqi düzgün olmaz.

Onun sözlərinə görə, 2023-cü ilədək tikilən sənədsiz evlərin 100 faizi elektrik, 98 faizi qaz, 88 faizi isə su xətti ilə təmin olunub. Bununla belə, yalnız 47 faizi mərkəzləşdirilmiş kanalizasiya sisteminə qoşulub. Bu fakt dövlətin kommunal xidmət qurumlarının uzun illər sənədsiz evləri faktiki yaşayış vahidi kimi qəbul etdiyini, lakin mülkiyyət hüquqlarının rəsmiləşdirilmədiyini göstərir.

Deputat Azərbaycanda mərhələli əmlak amnistiyasına və bütün qeydiyyat məlumatlarını birləşdirən vahid dövlət proqramına ehtiyac olduğunu vurğulayıb.

“Sənədsiz evlər və torpaqlar vahid bazada inventarlaşdırılmalı, qeydiyyata yararlı olanlar məhkəməyə getmədən sadələşdirilmiş qaydada rəsmiləşdirilməli, mühafizə zonaları və təhlükəli ərazilər amnistiyadan kənarda saxlanılmalı, həmin ərazilərin sakinlərinə isə alternativ təkliflər edilməlidir. Lakin amnistiya yeni qanunsuz tikintilərə də yol açmamalıdır”, – Zahid Oruc bildirib.

Əlaqəli Xəbərlər