Azərbaycan güləşçisi yenidən dünya çempionatının finalına yüksəlib
Slovakiyanın paytaxtı Bratislavada güləş üzrə U-20 dünya çempionatı davam edir.
Operativ Media xəbər verir ki, üçüncü yarış günündə yunan-Roma güləşi üzrə 60 və 82 kiloqramda, qadın güləşi üzrə isə 50, 53 və 72 kiloqramda finalçılar müəyyənləşiblər.
Ayxan Cavadov (60 kiloqram) yarışa inamlı start verib. Dünya çempionumuz fransalı Maqomed Varayevə tam üstünlüklə (9:0) qalib gələrək, 1/4 finala yüksəlib. Təmsilçimiz braziliyalı Pedro Enrike de Souza Rodriqesi isə 6:2 hesabı ilə üstələyərək, adını yarımfinala yazdırıb. Ayxan yarımfinalda iranlı Əmirəli Heydərini minimal fərqlə (4:3) məğlub edərək, ardıcıl 2-ci dəfə U-20 dünya çempionatının finalına vəsiqə qazanıb. Cavadov sabah finalda özbəkistanlı Dostonbek Oripovla güləşəcək.
Elmin Əliyev (82 kiloqram) ilk 2 görüşü vaxtından əvvəl qələbə ilə başa vurub. Həmyerlimiz gürcüstanlı Luka Pipiya ilə yaponiyalı Rondo Kodamaya 8:0 hesabı ilə qalib gəlib. Əliyev 1/4 finalda isə özbəkistanlı Bekmurod Rustamovu ilk xal prinsipinə əsasən (1:1) mübarizədən kənarlaşdırıb. O, finalın bir addımlığında belaruslu Kiril Valevskiyə 4:7 hesabı ilə məğlub olub. Elmin sabah bürünc medal uğrunda güləşəcək. Rəqib ya Mohammed Şaban (Misir), ya İsmayıl Bərəkət (Türkiyə), ya da Severi Maeenpaeae (Finlandiya) olacaq.
Esra Məmmədli (53 kiloqram) təsnifat mərhələsində qazaxıstanlı Dinara Dauylkızıya uduzub – 1:7.
Mübarizəyə 1/4 finaldan qoşulan Zəhra Kərimzadə (72 kiloqram) türkiyəli İlayda Çini “tuş” la yolundan kənarlaşdırsa da, finala gedən yolda hindistanlı Tanu Şarmayla bacarmayıb – 0:11. Zəhra həlledici qarşılaşmada Liliana Kazmina (Rusiya) – Petra Mueller (Macarıstan) görüşünün qalibi ilə üz-üzə gələcək.
dəqiqələr içində saytın olsun.