Deputat: Azərbaycan xristian irsinin qorunmasına xüsusi diqqət göstərir
Qarabağ və Şərqi Zəngəzur daxil olmaqla, Azərbaycan ərazisindəki bütün xristian irsi Qafqaz Albaniyasının dövlətçilik və mədəniyyət salnaməsinə aiddir.
Bu sözləri Operativ Media-ya deputat Bəhruz Məhərrəmov deyib.
O bildirib ki, min ilə yaxın müstəqil siyasi varlığını qoruyan Qafqaz Albaniyası dövləti Şərq xristianlığı ənənəsinin özünəməxsus mərkəzlərindən biri kimi zəngin memarlıq, idarəetmə və dini-mədəni infrastruktura malik olub.
Deputat qeyd edib ki, hökmdar Cavanşir kimi görkəmli dövlət xadimlərinin böyük imperiyalar arasında yürütdüyü balanslaşdırılmış xarici siyasət xətti regionun müstəqilliyinin qorunmasına xidmət edib. Onun sözlərinə görə, Alban Apostol Kilsəsi isə avtokefal və müstəqil statusu ilə Şərq xristian aləmində nüfuzlu və aparıcı mövqeyə malik olub.
“Bu baxımdan, sözügedən tarixi-mədəni irs birmənalı və istisnasız şəkildə Azərbaycan xalqının İslamdan əvvəlki dövrə aid milli-mənəvi sərvətidir.
Bu kontekstdə, möhtərəm Prezidentin istər Türk Dövlətləri Təşkilatının Qəbələ Sammitində, istərsə də dini icma rəhbərləri və dini komitə nümayəndələri ilə keçirdiyi görüşdə Qafqaz Albaniyası mövzusuna xüsusi diqqət çəkməsi dövlətimizin öz köklü tarixinə, milli-mənəvi dəyərlərinə və tarixi həqiqətlərin bərpa edilməsinə verdiyi strateji əhəmiyyətin növbəti bariz göstəricisidir.
Təəssüf ki, XIX əsrdən başlayaraq və xüsusilə işğal dövründə Qarabağdakı alban məbədləri sistematik olaraq erməniləşdirilmiş, onların memarlıq üslubu, divar yazıları və dini atributları saxtalaşdırılaraq mənimsənilmişdir. Eyni zamanda son dövrlərdə xarici ölkələrin qanunverici orqanlarında, ayrı-ayrı siyasi beyin mərkəzlərində və qərəzli media resurslarında bu zəngin irsin “erməni mədəniyyəti” kimi qələmə verilməsi, məqsədli siyasi spekulyasiyalar yaşanmaqdadır ki, xarici dairələrin “xristian irsinin qoruyucusu” cildinə girərək apardığı dırnaqarası müdafiə kampaniyaları Azərbaycanın suveren hüquqlarına və tarixi yaddaşına edilən açıq hörmətsizlikdir. Minilliklər boyu bu torpaqlarda formalaşan mədəniyyəti, onun ruhunu və mahiyyətini Azərbaycan xalqından daha yaxşı dərk edən və ona sahib çıxan ikinci bir tərəf yoxdur.
Azərbaycan dövlətinin işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi sürətli bərpa-quruculuq prosesində xristian irsinə nümayiş etdirdiyi xüsusi ehtiram — bütün tarixi-dini abidələrə konseptual olaraq eyni dərəcədə həssaslıqla yanaşılması xarici saxta təbliğata ən tutarlı cavabdır. Eyni zamanda Alban çarlığının qədim inzibati və dini mərkəzlərinin yerləşdiyi digər bölgələrimizdə — Şəki, Qəbələ və Qax rayonlarında kilsə və monastırların dövlət və Heydər Əliyev Fondu xətti ilə yüksək peşəkarlıqla, elmi əsaslarla və mühəndis-bərpa işləri çərçivəsində bərpa olunması Azərbaycanın öz tarixi irsinə olan dərin sadiqliyini əyani şəkildə nümayiş etdirir.
Bu prosesdə müstəsna məqamlardan biri də dövlətimizin Qafqaz Albaniyasının birbaşa etnik və mənəvi varisləri sayılan Alban-Udi xristian dini icmasına göstərdiyi xüsusi diqqət və qayğıdır. Udi icması Azərbaycanın çoxmədəniyyətli cəmiyyətinin ayrılmaz, doğma və dəyərli bir parçasıdır. Dövlət tərəfindən Qəbələnin Nic qəsəbəsindəki Müqəddəs Yelisey və Məryəm Ana kilsələrinin, Qax və Şəkidəki alban məbədlərinin elmi əsaslarla bərpa edilərək Udi icmasının dini ayinlərini azad şəkildə icra etməsi üçün istifadəyə verilməsi Azərbaycan multikulturalizm modelinin əyani təzahürüdür. Vətən müharibəsindən sonra Alban-Udi din xadimlərinin Kəlbəcərdəki Xudavəng monastırını, Xocavənddəki Amaras məbədini və digər qədim alban kilsələrini ziyarət edərək ibadətlər və dualar etmələri bu irsin əsl sahiblərinə qovuşduğunu bütün dünyaya göstərmişdir.
Hərbi, siyasi və diplomatik zəfərlərimizin davamı kimi, Azərbaycanın real müstəvidə həyata keçirdiyi abidələrin bərpası, Udi icmasına göstərilən dövlət qayğısı və tarixi irsin qorunması siyasəti kənardan idarə olunan saxtakar diplomatik oyunları bütünlüklə iflasa uğratmışdır. Bu reallıq isə bir daha sübut edir ki, regionda xristian irsinin həqiqi hamisi, qoruyucusu və varisi məhz müstəqil Azərbaycan dövlətidir”.
dəqiqələr içində saytın olsun.