Menyu

Azərbaycan və Qazaxıstan ali təhsildə təcrübə mübadiləsini genişləndirir

Operativ Media
Azərbaycan və Qazaxıstan ali təhsildə təcrübə mübadiləsini genişləndirir
2 dəq oxu

Dövlət Proqramı İdarəetmə Qrupunun (DPİQ) nümayəndə heyəti Qazaxıstanda Elm və Ali Təhsil Nazirliyinin Milli Ali Təhsilin İnkişafı Mərkəzinin nümayəndələri ilə görüş keçirib.

İdarəetmə Qrupundan Operativ Media-ya bildirilib ki, görüşün əsas məqsədi iki ölkənin ali təhsil sistemləri arasında akademik əlaqələrin genişləndirilməsi, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı”nın prioritetləri üzrə təcrübə mübadiləsinin aparılması və ali təhsildə beynəlmiləlləşmə istiqamətində potensial tərəfdaşlıq imkanlarının dəyərləndirilməsi olub.

Görüş zamanı Milli Ali Təhsilin İnkişafı Mərkəzinin nümayəndəsi Alibek Madibekov tərəfindən ölkənin ali təhsil sisteminin inkişaf dinamikası və beynəlxalq inteqrasiya strategiyasına dair geniş təqdimat edilib. Qeyd olunub ki, Qazaxıstan Mərkəzi Asiya regionunda 2010-cu ildən Avropa Ali Təhsil Məkanına daxil olan ilk ölkədir və həm Lissabon, həm də Tokio Konvensiyalarının iştirakçısı kimi regionda beynəlxalq akademik mobillik üçün körpü rolunu oynayır.

Təqdimat zamanı Qazaxıstanda fəaliyyət göstərən 33 xarici universitet filialı və aparıcı ali təhsil müəssisələrində tətbiq olunan ikili diplom proqramlarının işləmə mexanizmləri diqqətə çatdırılıb.

Eyni zamanda, Qazaxıstanın 20 ali təhsil müəssisəsinin QS Dünya Universitetləri Reytinqində yer aldığı, bunlardan üçünün top 400-lükdə təmsil olunduğu qeyd olunub. Görüşün əsas müzakirə mövzularından biri də müasir əmək bazarının tələblərinə cavab verən ixtisaslar üzrə kadr hazırlığı olub. Qazaxıstan ali təhsil müəssisələrində süni intellekt, data analitika, bərpa olunan enerji və mühəndislik istiqamətlərində tətbiq edilən 44 yeni tədris proqramı və həmçinin universitetlərin tədris proqramlarını mövcud ehtiyaclara uyğun, müstəqil və çevik şəkildə yeniləməsi təcrübəsi nəzərdən keçirilib.

Bundan başqa, tərəflər Azərbaycanın “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı” və Qazaxıstanın “Study in Kazakhstan” təqaüd proqramı çərçivəsində tələbə və akademik heyətin qarşılıqlı mübadiləsi imkanlarını müzakirə ediblər. Həmçinin birgə elmi tədqiqatların aparılması ilə bağlı fikir mübadiləsi aparılıb.

Sonda DPİQ ilə Qazaxıstanın Milli Ali Təhsilin İnkişafı Mərkəzi arasında ikili diplom proqramlarının tətbiqi imkanlarının araşdırılması və ixtisaslaşmış təlim proqramları üzrə əməkdaşlığın qurulması barədə razılıq əldə olunub.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər