Azər Əmiraslanov: İnnovativ sahibkarlıq üçün 20 faizlik satınalma güzəşti nəzərdə tutulur
“Prezidentin təklifləri qanunun ilkin məqsədini qorumaqla onun tətbiq mexanizmlərinin təkmilləşdirilməsinə xidmət edir”.
Operativ Media xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
O bildirib ki, rəqəmsal iqtisadiyyatın stimullaşdırılmasını və innovativ fəaliyyətə dövlət dəstəyini nəzərdə tutan qanun Prezident İlham Əliyevin təklif etdiyi dəyişikliklərlə təkrar müzakirəyə çıxarılıb.
Azər Əmiraslanovun sözlərinə görə, qanunun əsas konsepsiyası dəyişmir. Başlıca məqsəd innovativ iqtisadiyyatın inkişafını sürətləndirmək, dövlət dəstəyini artırmaq və özəl investisiyaların cəlb edilməsini stimullaşdırmaqdır.
Komitə sədri qeyd edib ki, yeni dəyişikliklərlə dövlət dəstəyi ixrac göstəriciləri və ölkəyə valyuta daxilolmaları kimi konkret meyarlarla əlaqələndirilir. Güzəştlərin tətbiq dairəsi də daha dəqiq müəyyənləşdirilir.
O bildirib ki, innovativ məhsullar üçün bazarın formalaşdırılması məqsədilə 20 faizlik satınalma güzəşti nəzərdə tutulur.
“Dövlət innovativ sahibkarlığı dəstəkləməyə davam edir, lakin bu dəstəyi şəffaf meyarlar əsasında konkret iqtisadi nəticəyə görə hədəfləyir”, - deyə Azər Əmiraslanov vurğulayıb.
Komitə sədri qanunun Prezidentin təklif etdiyi dəyişikliklərlə qəbul edilməsini məqsədəuyğun hesab etdiyini bildirib.
dəqiqələr içində saytın olsun.