“Kənd məhsulu” yoxsa “təhlükəsiz məhsul”? - İstehlakçıların diqqət etməli olduğu məqamlar
“Kənd məhsuludur” yazısı öz-özlüyündə məhsulun keyfiyyətinə və təhlükəsizliyinə zəmanət vermir. Bu ifadə daha çox məhsulun istehsal mənbəyini və ya satış yanaşmasını ifadə edir.
Bu sözləri Operativ Media-ya qida eksperti Fərid Səfərov deyib.

O bildirib ki, məhsulun kənd şəraitində hazırlanması onun avtomatik olaraq ekoloji, təmiz, qatqısız və ya təhlükəsiz olması demək deyil:
“Kənddə də heyvanların saxlanması, südün sağılması, yumurtanın toplanması, məhsulun hazırlanması və saxlanması zamanı gigiyena və temperatur qaydalarına əməl olunmaya bilər.
İstehlakçı məhsul alarkən ilk növbədə etiket və istehsalçı haqqında məlumatlara diqqət etməlidir. Məhsul qablaşdırılmışdırsa, istehsalçı və ya satıcının adı, məhsulun tərkibi, istehsal tarixi, yararlılıq müddəti, saxlanma şəraiti və digər zəruri məlumatların olub-olmaması yoxlanmalıdır. “Təbii”, “kənd məhsulu”, “ev məhsulu”, “orqanik” kimi ifadələr isə təkbaşına məhsulun üstün keyfiyyətini sübut etmir.
Açıq şəkildə satılan kənd məhsullarında isə istehlakçının məhsulun haradan gəldiyini, kim tərəfindən istehsal edildiyini və hansı şəraitdə saxlanıldığını soruşmaq hüququ var. Xüsusilə süd, qaymaq, kəsmik, ət, toyuq, yumurta kimi yüksək riskli məhsullarda mənşə və saxlanma şəraiti daha ciddi əhəmiyyət daşıyır. Məsələn, soyuducuda saxlanmalı məhsulun gün ərzində günəş altında və ya uyğun olmayan temperaturda satılması onun təhlükəsizliyinə ciddi təsir göstərə bilər.
Ən vacib məqam budur ki, “kənd məhsulu” anlayışı ilə “təhlükəsiz məhsul” anlayışını eyniləşdirmək olmaz. İstehlakçı məhsulun görünüşünə, dadına və satıcının “öz məhsulumdur” deməsinə yalnız əsaslanmamalıdır. Məhsulun mənşəyi, istehsal şəraiti, gigiyenası, saxlanması və mümkün olduğu halda rəsmi məlumatları birlikdə qiymətləndirilməlidir.
Xüsusilə sosial şəbəkələrdə satılan “kənd məhsulları” alarkən satıcının ünvanı və əlaqə məlumatlarını, məhsulun necə hazırlandığını və necə daşındığını dəqiqləşdirmək faydalıdır. Etibarlı mənbədən alınmış, mənşəyi və istehsalçısı məlum olan məhsul istehlakçı üçün daha təhlükəsiz seçimdir”.
dəqiqələr içində saytın olsun.